Toyota məşhur Toyota RAV4 modelinin tam elektrik versiyasını istehsal etmək planından imtina edib.
Demokrat.az xəbər verir ki, şirkətin nümayəndələrinin açıqlamasına görə, hazırkı strategiya çərçivəsində RAV4 modeli və tam elektrik avtomobillər – o cümlədən Toyota bZ4X – paralel və bir-birindən asılı olmayan məhsul xətləri kimi inkişaf etdiriləcək.
Modelin baş mühəndisi Yoshinori Futonagane bildirib ki, bZ4X modeli əvvəlcədən elektrik texnologiyalarının inkişafı və sınağı üçün xüsusi platforma kimi hazırlanıb.
Qeyd edək ki, RAV4 modelinin tarixində artıq iki elektrik versiyası olub. Birinci nəsil 1997-ci ildə təqdim edilib, ikinci isə 2012-ci ildə Tesla ilə birgə hazırlanıb. Lakin hazırda üçüncü nəsil elektrik RAV4 üzərində iş aparılmır.
Bununla belə, mövcud RAV4 modeli inkişafını davam etdirəcək. Avtomobil benzin, hibrid və plug-in hibrid (PHEV) versiyalarda təklif olunur və elektrikləşdirmə istiqamətində irəliləsə də, hələlik tam elektrik sisteminə keçid planlaşdırılmır.
Demokrat.az


