Texnologiya Özəl

Başımızı oğurlayıb, bədənimizi dəyişənlər... — 3 min cəriməsi var

Başımızı oğurlayıb, bədənimizi dəyişənlər... — 3 min cəriməsi var

İnternetdə qarşınıza çıxan hər hansı video və ya səs yazısı bir anın içində həyatınızı alt-üst edə bilər. Texnologiyanın imkanlarından istifadə edən bəzi şəxslər süni intellekt vasitəsilə insanların saxta görüntülərini yaradaraq onları heç vaxt olmadıqları mühitlərdə və ya etmədikləri hərəkətlərlə cəmiyyətə təqdim edirlər. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bu cür manipulyasiyalar vətəndaşların şəxsi həyatının toxunulmazlığına ciddi müdaxilədir və fırıldaqçılar bu yolla insanları cəmiyyətə təhrif olunmuş formada sırımağa çalışırlar.

Məsələnin hüquqi tərəfləri barədə Demokrat.az-a danışan vəkil Fuad Məmmədov bildirib ki, hazırda parlamentdə müvafiq qanunlara təklif olunan dəyişikliklərlə bu problemin həlli istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara, eləcə də İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən əlavələr saxta görüntülərin yayılmasına qarşı mübarizəni sərtləşdirir.

“Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara, habelə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavə olunması təklif edilən yeni normalarla süni intellektlə hazırlanmış saxta görüntülərin yayılmasına qarşı mübarizə tədbirləri gücləndirilir. Müzakirə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliyə əsasən, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir. “Media haqqında” qanun layihəsində isə göstərilir ki, mediada dərc olunan və yayımlanan informasiyaya dair tələblərə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir”.

Vəkil vurğulayıb ki, bu qaydaları pozanları ağır cərimələr və həbs təhlükəsi gözləyir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə görə, saxta görüntüləri xüsusi nişan qoymadan yayanlar 80 manatdan 150 manatadək cərimə olunacaqlar.

Cinayət Məcəlləsində isə daha sərt sanksiyalar nəzərdə tutulur:

“Şəxsin razılığı olmadan onun səs və ya görüntüsünü süni intellektlə saxtalaşdırıb yayanlar 3 min manatdan 7 min manatadək cərimə, 480 saatadək ictimai işlər və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Əgər bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, kiminsə şərəf və ləyaqətini ləkələmək məqsədilə törədilərsə, cəza müddəti 5 ilə qədər artırılacaq. Seksual xarakterli saxta materialların hazırlanmasına görə isə 7 ilədək həbs cəzası tətbiq edilə bilər”.

Vətəndaşlar belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına və informasiya təhlükəsizliyi qurumlarına müraciət etməlidirlər.

Qısası, artıq süni intellektlə kiminsə üzünü başqa bədənə yerləşdirib saxta videolar düzəltmək və ya səsini təqlid edərək yaymaq ağır cinayət sayılacaq və buna görə uzunmüddətli həbs cəzası veriləcək.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova