Süfrələrimizin əvəzolunmazı sayılan süd və kəsmik bəzən sağlamlıq üçün gözlənilməz təhlükə mənbəyinə çevrilə bilir. Xüsusilə istehsalat zəncirindəki kiçik bir diqqətsizlik gündəlik qidalarımızı zərərli maddələrin anbarı halına gətirir.
Demokrat.az xəbər verir ki, bu barədə qastroenteroloq Ekaterina Kaşux "İzvestiya" qəzetinə müsahibəsində xəbərdarlıq edib. Mütəxəssis bildirib ki, heyvanların müalicəsi zamanı istifadə olunan baytarlıq preparatlarının qalıqları süd məhsullarına keçə bilər. Bu hal əsasən heyvanın orqanizmindən dərmanın xaric olması üçün lazım olan müddət gözlənilmədikdə baş verir. Kaşuxun sözlərinə görə, süd emal edilsə belə, tərkibindəki zərərli maddələr parçalanmır və birbaşa hazır məhsulun içinə daxil olur.
"Əgər müəyyən edilmiş vaxt qaydaları pozulursa, dərman südə, oradan isə kəsmik və digər məhsullara sızır. Hazır qidada öz təsirini saxlayan bu maddələr insan orqanizmi üçün ciddi risk yaradır" deyə həkim izah edib.
Belə maddələrdən biri olan albendazol mədə-bağırsaq sistemində müxtəlif problemlərə yol açır. İnsanlarda ürəkbulanma, qarın ağrısı və ishal kimi narahatlıqlar yarana bilər. Əgər bu cür məhsullar mütəmadi istifadə olunarsa, qaraciyərin yükü artır və bu orqanın fəaliyyətində ciddi axsamalar yaranır. Qastroenteroloq qeyd edib ki, sağlam yetkin insan belə məhsulu bir dəfə yeyərsə, çox vaxt ağır nəticə yaranmır, lakin simptomlar hiss edildikdə dərhal həkimə müraciət etmək lazımdır.
Xatırladaq ki, ötən gün "Rosselxoznadzor" Belarusun bəzi iri süd müəssisələrinin məhsullarında albendazol sulfan adlı toksik maddə aşkarlandığını bəyan etmişdi. Bu fakt bazara çıxarılan süd məhsullarına nəzarətin nə qədər vacib olduğunu bir daha təsdiqləyir.
Yəni, süd istehsalı zamanı xəstə heyvanlara verilən dərmanların bədəndən çıxması gözlənilmədiyi üçün həmin zərərli maddələr kəsmik və südə keçir, bu da insanlarda zəhərlənmə və qaraciyər problemləri yarada bilir.
İsmayıl Demokrat.az


