Cəmiyyət Özəl

Uşaqla görüşə icazə verməyənləri nə gözləyir? — Yeni qərar

Uşaqla görüşə icazə verməyənləri nə gözləyir? — Yeni qərar

Artıq ailə daxilində yaşanan gərginliklər və qadağalar təkcə tərəflər arasında incikliklə yox, həm də böyük məbləğli cərimələr ilə nəticələnə bilər. Uşağın atası və ya anası ilə görüşünə mane olanlar, ölkədən çıxışına əsassız qadağa qoyanlar üçün məhkəmə zalında yeni dövr başlayır.

Bu barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev deyib ki, bu yanaşma əslində ailə hüququnda uzun illərdir hiss olunan boşluğu daha açıq şəkildə doldurur:

“Çünki ailə mübahisələrində təkcə maddi zərər yox, emosional və psixoloji təsirlər də real nəticələr yaradır. Məhkəmələrin bu istiqamətdə mövqeyi göstərir ki, artıq münasibətlər “yalnız kağız üzərində hüquq pozuntusu” kimi yox, insan faktoru ilə birlikdə qiymətləndiriləcək. Mənəvi zərərin müəyyən edilməsində əsas meyar zərərin real və sübut edilə bilən olmasıdır. Yəni sadəcə narazılıq kifayət etmir. Məhkəmə baxacaq ki, valideyn-uşaq münasibətinin pozulması, ünsiyyətin məhdudlaşdırılması və ya ölkədən çıxışın əsassız qarşısının alınması konkret hansı psixoloji nəticələr yaradıb. Burada uşağın maraqları xüsusi çəkidə nəzərə alınacaq. Digər vacib meyar hərəkətin qanunsuz və ya əsassız olub-olmamasıdır. Əgər valideynin davranışı hüquqi əsasla izah edilə bilmirsə, bu artıq məsuliyyət yarada bilər. Məbləğ sabit olmayacaq. Hakim zərərin ağırlığını, münasibətlərin pozulma dərəcəsini, təsirin müddətini və tərəflərin sosial vəziyyətini nəzərə alacaq”.

O bildirib ki, bəzən eyni tip işlərdə fərqli məbləğlər çıxa bilər:

“Sübut məsələsinə gəlincə, ən əsas faktor sənədləşdirilmiş faktlardır. Yazışmalar, foto və ya video çəkilişlər, məktəb və psixoloji rəy kimi sənədlər çox önəmli rol oynayacaq. Eyni zamanda şahid ifadələri və ekspert rəyləri də məhkəmənin qərarına təsir göstərə bilər. Praktikada bu tip iddiaların artacağı gözlənilir, çünki insanlar artıq ailə mübahisələrini yalnız maddi müstəvidə deyil, emosional zərər prizmasından da qiymətləndirməyə başlayır. Amma burada əsas risk ondan ibarətdir ki, hər emosional iddia hüquqi iddiaya çevrilə bilməz. Məhkəmələr bu sərhədi qorumağa çalışacaq”.

Yəni, əgər bir valideyn digərinin uşaqla görüşməsinə haqsız yerə mane olursa və ya onun səfər etməsinə maneçilik törədirsə, qarşı tərəf çəkdiyi mənəvi əziyyətə görə məhkəmə vasitəsilə təzminat tələb edə bilər.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova