Evinizdəki qaz xətlərindən tutmuş tüstü bacalarına qədər hər bir detalın təhlükəsizliyi artıq yeni qaydalarla tənzimlənəcək. Hökumətin təsdiqlədiyi qərar qazdan istifadə zamanı yarana biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün nəzarət mexanizmini tamamilə yeniləyir.
Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədov qazpaylayıcı sistem operatoru tərəfindən müayinələrin keçirilməsi qaydasını təsdiq edib.
Yeni qaydalara əsasən, qaz qurğuları, borular, tüstü bacaları və havalandırma sistemləri mütəmadi olaraq yoxlanılacaq. Bu proses tamamilə ödənişsiz həyata keçiriləcək və əsas məqsəd texniki təhlükəsizlik qaydalarına əməl olunub-olunmadığını müəyyənləşdirməkdir. Əgər sistemdə hər hansı nasazlıq və ya norma pozuntusu aşkar olunarsa, dərhal müvafiq tədbirlər görüləcək.
Sahibkarlar üçün nəzərdə tutulan yoxlamalar isə mövcud qanunvericiliyin tələbləri çərçivəsində, onların maraqları qorunmaqla aparılacaq. Nazirlər Kabineti bu addımın qaz təsərrüfatında riskləri minimuma endirəcəyini və vahid nəzarət sistemi yaradacağını bəyan edib.
Yəni, bundan sonra qaz idarəsinin əməkdaşları evlərə və iş yerlərinə gələrək qazla bağlı bütün avadanlıqları, bacaları və ventilyasiyanı təhlükəsizlik baxımından pulsuz yoxlayacaqlar.
Demokrat.az


