Kriminal Özəl

"Gəlinim məndən icazəsiz həkimə getdi, mən də döydüm"

Gəlinim məndən icazəsiz həkimə getdi, mən də döydüm

Şəmkir rayonunda qadın mülk üstündə yaranan mübahisə zamanı keçmiş gəlininə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 1-də rayonun kəndlərindən birində baş verib. 1965-ci il təvəllüdlü Cəmalə yaşadığı evin qonaq otağında onunla birlikdə yaşayan və mülki mübahisəyə görə əvvəlcədən ədavəti olduğu keçmiş gəlini İradə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Həmçinin oxu: Binəqədi sakinlərinə şad xəbər Bu maşınlar 4 min ucuzlaşdı Qapının ağzına bir ovuc tökün: Həmişəlik yoxa çıxacaqlar

İradənin evdən çıxması barədə tələbini yerinə yetirmədiyi üçün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əl zərbələri ilə davamlı olaraq onun sağ qol nahiyəsinə zərbələr vurub. İş üzrə izahat verən Cəmalə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, İradə onun keçmiş gəlinidir, əvvəllər aralarında normal münasibətlər olub:

“Mənim mərhum oğlum Səid 2013-cü ildə İradə ilə ailə həyatı qurdu, birgə nikahdan iki azyaşlı övladları var. Oğlum 2024-cü ildə ürək tutmasından vəfat etdi. Bundan sonra İradə mənimlə pis rəftar etməyə başladı. O, bir neçə dəfə məndən icazə almadan həkimə getdi. Lakin onun həkimə getməsindən sonradan xəbərim olub. Həmçinin oğlum rəhmətə getdikdən sonra İradəyə oğlumun adına olan avtomobili satmaq istədiyini dedim. İradə isə mənə vərəsəlik hüququ verməyəcəyini bildirdi. Bundan sonra münasibətlərimiz daha da pisləşdi. Ona görə də İradənin yaşadığım evi tərk etməsi üçün məhkəməyə müraciət etmək qərarına gəldim”.

Təqsirləndirilən şəxs deyib ki, dekabrın 1-də, səhər saatlarında Şəmkir şəhərinə gələrək bu barədə vəkildən məsləhətlər alıb:

“Həmin tarixdə saat 14 radələrində yaşadığım evə qayıtdım və İradəyə məhkəməyə müraciət etdiyimi bildirdim. O, isə anası ilə mobil telefonda danışaraq mənə qarşı nalayiq ifadə işlətdi. Bu zaman qızım Gülər keçmiş gəlinimə irad bildirdi. İradə isə qızıma əri ilə münasibətlərinin pis olduğunu, ərinin onu saxlamadığını dedi. Həmin vaxt qızım ilə keçmiş gəlinimin arasında mübahisə oldu. Mübahisə zamanı qızım İradənin saçından tutaraq dartdı və əli ilə onun sifət nahiyəsinə bir dəfə vurdu. İradə isə Gülərin boynundan, sinəsindən tutdu, onu itələdi. Daha sonra mən əl zərbələri ilə bir neçə dəfə İradənin sağ qoluna vuraraq ona xəsarət yetirdim və əlində olan mobil telefonu alaraq quyuya atmaq məqsədi ilə evin həyətinə getdim. İradə isə arxamca gəldi və mobil telefonu alaraq yaşadığımız evi tərk etdi”.

İş üzrə zərərçəkmiş İradənin sözlərinə görə, 2024-cü ildə əri ürək tutmasından vəfat edib: “Ərim rəhmətə getdikdən sonra qayınanam Cəmalə və baldızım Gülər mütəmadi olaraq mənimlə mübahisələr etdi, məndən birlikdə yaşadığımız evi tərk etməsini tələb etdilər. Ərim vəfat etdikdən 6 ay keçdikdən sonra Cəmalə mənə onun adına olan torpaq sahələrini, avtomobilləri öz adına keçirməsi üçün vərəsəlik hüququnu verməli olduğunu bildirdi”.

Zərərçəkmiş bildirib ki, dekabrın 1-də, saat 14 radələrində yaşadığı evdə olan zaman Cəmalə ondan azyaşlı övladlarını da götürərək evi tərk etməsini tələb edib:

“Cəmaləyə heç bir yerə getməyəcəyimi, mərhum ərimin adına olan torpaq sahələrində əziyyət çəkmiş olduğumu dedim. Daha sonra keçmiş baldızım Gülər 4-5 dəfə ailə həyatı quracağını, onun anasının da 4-5 dəfə ailə həyatı qurmuş olduğunu bildirdim. Bu zaman Gülərə 3 azyaşlı övladının olduğunu, hazırda ailəli ola-ola əri ilə yola gedə bilmədiyini dedim. Gülər isə masanın üzərində içərisi qaynar su ilə dolu olan çayniki əlinə götürərək mənə tərəf atdı. Mən kənara çəkildiyim üçün çaynik dəymədi. Həmin vaxt qaz sobasının üzərində olan qazanın qapağını əlinə götürərək kənara atdım. Gülər isə üzərimə gələrək əli ilə bir neçə dəfə sifət nahiyəmə vurdu və saçımdan dartaraq mənə fiziki ağrılar yetirdi. Bu zaman özümü müdafiə etmək məqsədi ilə Gülərin boynundan və sinəsindən itələdim. Daha sonra qayınanam üzərimə gələrək əl zərbələri ilə sağ qoluma bir neçə dəfə vuraraq mənə xəsarət yetirdi. Mobil telefonumu götürərək evin həyətinə çıxdı. Mən telefonumu almaq məqsədi ilə onun arxasınca getdim. Cəmilənin yanına çatan zaman telefonumu quyuya atmaq istədiyini gördüm və yaxınlaşaraq əlindən aldım. Daha sonra yaşadığı evim tərk edərək getdim”.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilməklə, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova