Şou-biznes

"Müğənnilik qadın sənəti deyil"

Müğənnilik qadın sənəti deyil

Azərbaycan estradasının tanınmış siması sənət yolundakı çətinlikləri və cəmiyyətdəki köhnə düşüncələri açıq şəkildə dilə gətirib. Müğənni xüsusilə qadın ifaçıların üzləşdiyi qınaq və peşənin ağırlığından bəhs edib.

Demokrat.az xəbər verir ki, Əməkdar artist Mətanət İsgəndərli bu barədə "Günə uğurla" proqramında danışıb. Sənətçi qeyd edib ki, əvvəllər toylarda qadın müğənnilərin çıxışı heç də birmənalı qarşılanmırdı. Onun sözlərinə görə, illər öncə məclisləri əsasən bəy ifaçılar idarə edirdi və qadın səsinin eşidilməsi insanlara qəribə görünürdü.

Sənətçi toylara getməyin bir məcburiyyət olduğunu da vurğulayıb. O bildirib ki, Azərbaycanda musiqi bazarının kiçik olması ifaçıları toy gəlirlərindən asılı vəziyyətə salır. Mətanət İsgəndərli repertuarındakı 700-dən çox mahnının ərsəyə gəlməsi üçün maliyyə vəsaitini məhz bu yolla qazandığını etiraf edib. Sənətçi həmçinin "toy müğənnisi" ifadəsini alçaldıcı şəkildə işlədənləri kəskin tənqid edərək, bunun böyük bir zəhmət olduğunu diqqətə çatdırıb.

Mətanət İsgəndərli çıxışı zamanı bir neçə maraqlı məqama toxunub:

"Bu sənət çox çətindir. Əsasən də qadın üçün. Bu sənət qadın üçün deyil, kişi üçündür. Əvvəllər deyirdilər ki, toyda qadınlar oxumaz. Deyirdilər, filan toyda qadın müğənni var. Camaata qəribə gələrdi ki, qadın müğənnisi var? O vaxt toyları kişilər oxuyardı".

Müğənni toylardan gələn qazancın yaradıcılığa xidmət etdiyini xüsusi vurğulayıb:

"Deyirlər, toy müğənnisi. Bu sözü işlədəndlər insanlıqdan uzaq adamlardır. Biz hamımız bir ölkənin övladlarıyıq. Başqa yerdən qazanc yoxdur. Bizim bazar balacadır. Başqa ölkədə hərənin bir sistemi var. Kimi disk, kimi konsertdən qazanc götürür. Ya gərək atandan milyonlar qala ki, toya getməyəsən, ya ayrı biznesin ola. Mənim isə heç biri yoxumdur. 700 mahnı yazdırmışam: vətənpərvər, xalq, bəstəkar, klassik mahnılar var. Toya getməsəm bunları necə yazdıra bilərdim?".

Demokrat.az

NE
Nihadə Eyyubova