Hava Özəl

İran ABŞ radarlarını məhv etdiyi üçün regiona güclü yağışlar yağır? — AÇIQLAMA

İran ABŞ radarlarını məhv etdiyi üçün regiona güclü yağışlar yağır? — AÇIQLAMA

İranda güclü yağışlardan sonra daşan Darian bəndinin görüntüləri sosial mediada yayılıb. Bəndin yüz milyonlarla kubmetr su tutumu olduğu bilinir. İran dövlət televiziyasına aid bəzi paylaşımlarda iddia edilirdi ki, İran ərəb ölkələrində Amerika radarlarını məhv etdikdən sonra yağıntılar artıb.

Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, radar sistemləri ilə yağışın yağmasının qarşısını almaq və yaxud yağışı təmin etmək yeni mövzudur:

"Mən indiyə qədər aparılan tədqiqatlarda radarlar vasitəsilə yağış yağdırmaq və ya yağışı dayandırmağın mümkün olmasına rastlamamışam. Bu, İran tərəfindən verilən populist bəyanatdır və iqlimlə birbaşa əlaqəsi yoxdur.Yağışların yağdırılması üçün müəyyən metodlar mövcuddur. Məsələn, müxtəlif kimyəvi üsullarla, kimyəvi tozların istifadə olunması ilə, dronlar və yaxud təyyarələr vasitəsilə buludların üst qatına maddələr səpməklə bu proses həyata keçirilir. Bu maddələr buludların xüsusiyyətlərinə təsir edir və onların ağırlığını artırır. Nəticədə qısa müddət ərzində kütləvi buludlar formalaşır və yağışa çevrilə bilir".

Ekoloq deyib ki, hələ Sovet dövründə geniş istifadə olunan metodla toplar vasitəsilə buludları bir ərazidən digər əraziyə yönləndirmək olurdu:

"Yəni toplanmış bulud kütlələrini yaxın məsafələrdə bir yerdən başqa yerə keçirmək mümkün idi. Lakin bu, uzaq məsafələr üçün nəzərdə tutulmamışdı. Radar sistemi vasitəsilə yağışın qarşısını almaq və ya başqa ölkələrə yağış yağdırmaq isə qeyri-mümkündür.

Bildiyimiz kimi, iqlimdə son illərdə kəskin dəyişikliklər baş verib. Artıq Azərbaycan iqlimində də dəyişiklik müşahidə olunur, rütubətlilik artıb. Son qiymətləndirmələrə görə əvvəlki illərlə müqayisədə rütubətlilik təxminən 10–15 faiz olub. Bu da xüsusilə yaz aylarında yağışların artmasına şərait yaradır. Eyni zamanda fəsil də mühüm rol oynayır, çünki qışdan yaza keçid dövründə soyuq və isti hava kütlələrinin toqquşması baş verir və bu da yağıntıların artmasına səbəb olur. Lakin bunun radarlar vasitəsilə idarə olunmasına elmi məqalələrdə, beynəlxalq hesabatlarda, o cümlədən BMT-nin sənədlərində rastlaşmamışam",- deyə o bildirib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova