Özəl Hava

İstanbul yağışlara təslim oldu, Bakını nə gözləyir? — VİDEO

İstanbul yağışlara təslim oldu, Bakını nə gözləyir? — VİDEO

İstanbulda dünəndən yağan güclü yağışlar şəhərin bir sıra ərazilərində sel və su basmalarına səbəb olub. Türkiyə Meteorologiya Baş İdarəsinin məlumatına görə, Balkanlar üzərindən gələn soyuq hava kütlələri ilə Mərkəzi Aralıq dənizi üzərindən gələn yağıntılı hava sistemlərinin təsiri nəticəsində intensiv yağıntılar qeydə alınıb.

İstanbuldakı fəlakətin səbəbi nədir? Bir neçə gün sonra həmin hava kütlələrinin Azərbaycana gəlmək ehtimalı var?

Demokrat.az-a bu barədə danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, İstanbulda baş verən güclü, anomal yağışlar həqiqətən də şəhəri iflic edib:

İstanbul yağışlara təslim oldu, Bakını nə gözləyir? — VİDEO

"Bunun bir çox səbəbi var. Təbii ki, gələn fırtınalar hər zaman gözlədiyimiz və arzuladığımız şəkildə olmur. Mən bunu davamlı olaraq deyirəm, xüsusilə də Bakı ilə bağlı məsələlərdə. Aralıq dənizi və Balkanlardan daxil olan yağıntılı hava kütlələri ilk növbədə İstanbuldan keçir. Qərbdən gələn yağıntılı hava kütlələrinin qarşısına çıxan ilk böyük meqapolislərdən biri İstanbul olur. Lakin İstanbulda vəziyyət bir qədər fərqlidir. Adi yağışlar zamanı şəhərdə ciddi problem yaşanmır. Belə hallar isə bir neçə ildən bir təkrarlanır. Bakıda olduğu kimi, İstanbulda da ərazinin xüsusiyyətləri nəzərə alınmır. Başakşəhər, İkitelli və digər əraziləri yaxşı tanıyıram. Həmin yerlərdə dəfələrlə sel nəticəsində insanlar həyatını itirib, ciddi ziyan dəyib. Çay yataqlarında, dərələrin ağzında evlər, o cümlədən qanunsuz tikililər inşa edilib. Hətta onilliklər ərzində güclü yağış və sel baş vermədiyinə görə həmin ərazilərdə hündür binalar, göydələnlər tikməyə cəsarət edənlər də var. Lakin təbiətin, yer səthinin və ərazinin quruluşunu heç kim nəzərə almır. Nəticədə bu cür hallar faciə ilə sonuclanır. İstanbulda vəziyyətə təsir edən digər amil Türkiyədə bələdiyyələrlə bağlı yaşanan problemlərdir. Artıq iki ilə yaxındır ki, İstanbul bələdiyyəsinin başçısı prezident olmaq iddiası ilə hərəkətə keçib və diqqətini bu istiqamətə yönəldib. Hazırda isə həbsdədir. AKP ilə müxalifət arasında yaşanan siyasi çəkişmələr nəticəsində şəhər təsərrüfatında problemlər yaranıb. Çünki Türkiyədə şəhər təsərrüfatının qurulmasında bələdiyyələr çox böyük rol oynayır".

Ekoloq əlavə edib ki, son iki ilə yaxın müddətdə baş verən proseslər şəhərin təhlükəsizliyi, kanalizasiya sisteminin qurulması, nəqliyyat axınının təmin edilməsi və digər sahələrdə müəyyən axsamalara səbəb olur:

"Bu da problemin səbəblərindən biridir. Bununla belə, əsas səbəb güclü yağıntı və fırtına ilə müşayiət olunan təbii hadisələrin qarşısında dayanmağın çətin olmasıdır. Belə hadisələrin qarşısını tam almaq heç də asan deyil. Yalnız əvvəlcədən hazırlıq görən ölkələr belə fəlakətlərin nəticələrini daha yaxşı idarə edə bilirlər. Məsələn, Yaponiyada güclü fırtınalar, hətta böyük zəlzələlər və sunamilər zamanı bunun dəfələrlə şahidi olmuşuq. Çini də misal göstərmək olar. Ancaq Tibetdə baş verən fəlakət də göstərdi ki, təbiətlə ehtiyatsız davranmaq olmaz. Tibetdə də oxşar vəziyyət yaşandı. Ərazidə mineral axtarışları, qazıntılar və turizmlə bağlı müxtəlif fəaliyyətlər həyata keçirilib. Nəticədə bir yeraltı təkanın belə böyük fəlakətə və selə səbəb olduğu bildirilir. İstanbulda da vəziyyət müəyyən mənada buna bənzəyir. Şəhərin coğrafi quruluşu da problemləri artıran amillərdəndir. Kanalizasiya sistemi bəzi hallarda güclü yağıntıların öhdəsindən gələ bilmir. İstanbulun bir tərəfdən Mərmərə dənizi, digər tərəfdən Qara dənizlə əhatə olunması, boğazların mövcudluğu, müxtəlif istiqamətlərdən gələn hava axınları və intensiv yağıntılar vəziyyəti daha da çətinləşdirir. Nəticədə şəhərin infrastrukturu belə hava şəraitində iflic ola bilir. Bəs bu hava kütlələrinin Azərbaycana gəlmə ehtimalı varmı? Əlbəttə, var. Belə hallar ildə bir neçə dəfə baş verir. Atlantik okeanı və Aralıq dənizindən gələn hava kütlələri Azərbaycana qədər çatır. Atmosfer axınlarının istiqaməti buna imkan verir. Lakin bu hava kütlələri Azərbaycana çatana qədər dağlıq ərazilərdən, Anadoludan və Qara dəniz hövzəsindən keçir. Həmin ərazilərdə, xüsusilə dağlıq zonalarda yağıntıların bir hissəsi düşür. Buna görə də Gürcüstan üzərindən Kiçik Qafqaza qədər gəlib çatan hava kütlələri Azərbaycana, adətən, zəifləmiş vəziyyətdə daxil olur. Güclü yağıntıların böyük hissəsi yolda düşdüyündən müəyyən qədər rahat ola bilərik. Amma bu, o demək deyil ki, şəhərlərimizi, xüsusilə də Bakını belə hadisələrə hazırlamamalıyıq. Çünki hazırlıqsız yaxalanan şəhərlər sırasında Bakı da var. Güclü yağıntıların fəsadlarını azaltmaq üçün şəhərin infrastrukturu və kanalizasiya sistemi bu cür hallara uyğun qurulmalıdır".

@sukhaber #SONDAKİKA İstanbul Sele Teslim 🌧️🌩️ Durum Çok Kötü Vatandaşlar Çok Zor Anlar Yaşıyor #istanbul #yağmur #sel #keşfetteyizzz ♬ orijinal ses - Suk.haber

FH
Fidan Hacızadə
Müxbir