Şəmkir rayonunda şəxsi münasibətlər zəminində yaranan münaqişə qəbiristanlıqda xoşagəlməz hadisə ilə nəticələnib. Rayon kəndlərinin birində yaşayan 33 yaşlı Kəmalə (ad şərtidir) keçmiş sevgilisindən qisas almaq üçün onun mərhum atasının məzarına zərər yetirib. Hadisə ilə bağlı qadına qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb və iş məhkəmə müstəvisinə keçib.
Araşdırmalar zamanı məlum olub ki, Kəmalə ilə həmkəndlisi Fərid arasında 2018-ci ildən başlayan sevgi münasibəti olub. Fərid 2024-cü ildə başqa bir xanımla ailə qursa da, tərəflər arasında əlaqələr bir müddət davam edib. Lakin sonradan münasibətlərin kəsilməsi və tərəflər arasındakı gərginlik qisas planına yol açıb. Ötən il sentyabrın 29-da Kəmalə kənd qəbiristanlığına gedərək Fəridin atası Mirzənin qəbirdaşına təhqiramiz ifadələr yazılmış plakat asıb, həmçinin məzardakı gülqabıları sındırıb.
Məhkəmədə ifadə verən Kəmalə hadisəni Fəridin ailəsi tərəfindən mütəmadi təhqir olunması ilə əsaslandırıb. O, hadisəni törətdiyi günü belə xatırlayıb: "Plakatı qəbirdaşına asdım. Daha sonra gülqabını itələdim və sındı. Sonra evə qayıtdım. Daha sonra öyrəndim ki, Fəridin anası mənimlə bağlı polisə müraciət edib". O, həmçinin əməlindən peşman olduğunu və qarşı tərəflə barışmaq istəsə də, buna nail olmadığını vurğulayıb.
Zərərçəkmiş Sona xanım isə ifadəsində qeyd edib ki, hadisədən qəbiristanlıqda quraşdırdıqları müşahidə kameraları vasitəsilə xəbər tutublar. O, Kəmalənin hərəkətlərinə görə ailəsinə dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb edib. Kəmalənin bacısı Elmira da şahid qismində çıxış edərək tərəflər arasındakı uzunmüddətli tanışlığı təsdiqləyib.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Kəmalə bir il müddətinə islah işlərinə məhkum edilib. Qərara əsasən, onun aylıq gəlirinin 15 faizi dövlət büdcəsinə tutulacaq. Bundan başqa, təqsirləndirilən şəxs zərərçəkmiş tərəfə ümumilikdə 1 015 manat kompensasiya ödəməlidir.(teleqraf)
Demokrat.az


