Cəmiyyət Özəl

Sənədli evlər bahalaşacaq, sənədsizləri alan olmayacaq — AÇIQLAMA

Sənədli evlər bahalaşacaq, sənədsizləri alan olmayacaq — AÇIQLAMA

Sənədsiz evlərə su verilməməsi ilə bağlı qəbul edilən qərar daşınmaz əmlak bazarında yeni tendensiyalar yaradıb. Bu addım qeyri-qanuni tikililərin qarşısını almağa yönəlsə də, bazarda tələb və təklif balansına təsiri ilə bağlı suallar doğurur. Bəs, bu məhdudiyyət qiymətlərə, tikinti prosesinə və alıcı davranışına necə təsir edəcək və gələcəkdə bazarın strukturunu hansı istiqamətdə dəyişə bilər?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ceyhun İbrahimov bildirib ki, bu qərarın bazara ilkin təsiri ilk növbədə qeyri-qanuni, sənədsiz tikililərə olan marağın azalması ilə özünü göstərəcək.

"Çünki alıcı üçün yaşayış obyektində əsas infrastruktur təminatlarından biri olan suyun verilməməsi riski artıq ciddi faktor kimi ortaya çıxır. Bu isə belə əmlakların həm alqı-satqı baxımından likvidliyini aşağı salır, həm də bazar dəyərinə mənfi təsir göstərir. Yəni, satıcılar əvvəlki kimi rahat şəkildə müştəri tapa bilməyəcək, qiymətlərdə isə müəyyən geriləmə və ya stabilləşmə müşahidə oluna bilər".

Ekspert bildirib ki, digər tərəfdən, bu qərar bazarda seçim davranışına da təsir edir.

"Alıcılar artıq daha ehtiyatlı davranaraq hüquqi statusu tam aydın olan, çıxarışlı və kommunal təminatı rəsmiləşdirilmiş əmlaklara üstünlük verəcəklər. Bu tendensiya sənədli mənzillərə tələbatın artmasına gətirib çıxaracaq. Nəticə etibarilə, həmin seqmentdə qiymətlərin tədricən yüksəlməsi, eyni zamanda bazarda daha şəffaf və hüquqi cəhətdən tənzimlənmiş mühitin formalaşması gözlənilir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova