Kriminal Özəl

"Ona 25 manat borcum olub" — Nisyə maşın yuma üstündə məhkəməlik oldular

Ona 25 manat borcum olub — Nisyə maşın yuma üstündə məhkəməlik oldular

Şəki rayonunda 1977-ci il təvəllüdlü Vüqar tanışı Təbrizə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 5-də Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən avtoyuma məntəqəsində baş verib.

Vüqar həmin gün saat 11:45-də özünə məxsus avtomobili yuduzdurmaq avtoyuma məntəqəsinə gəlib. O, həmin avtoyuma məntəqəsində işləyən Təbrizə avtomobilini nisyə yuduzdurmaq istədiyini bildirib. Bu zaman Təbriz onun əvvəllər də avtomobilini nisyə yuduzduraraq pulunu vermədiyi üçün onun avtomobilini yumaqdan imtina etdiyindən və ona qarşı nalayiq ifadələr işlətdiyindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı əli ilə bir dəfə Təbrizin sağ göz nahiyəsindən vurub, ona xəsarətlər yetirib.

Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, avtoyuma məntəqəsində işləyən Təbrizi uzun müddət əvvəldən tanıyıb, onunla heç bir düşmənçilik və ya ədavəti olmayıb:

“Daimi olaraq özümə məxsus “VAZ 2106” markalı avtomobili Təbrizin işlətdiyi avtoyuma məntəqəsində nağd və ya nisyə yuduzdurmuşam. Son zamanlar avtomobilimi Təbrizə nisyə yuduzdurduğum üçün ona 25 manat borcum olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 5-də, təxminən saat 11:45-də idarə etdiyi avtomobili yuduzdurmaq üçün Təbrizin işlətdiyi avtoyuma məntəqəsinə gəlib:

“Həmin vaxt Təbrizin avtoyuma məntəqəsində tək olduğunu və əlində maşın yuduğunu gördüm. Ona yaxınlaşaraq əlində yuduğu maşını yuyub bitirdikdən sonra mənim maşınımı yumasını xahiş etdim. Ancaq pulum olmadığını, maaşı alan kimi gətirərək pulunu verəcəyimi dedim. Sonra Təbriz ünvanıma nalayiq ifadələr işlədərək məni təhqir etdi. O, mənə “nə zaman borclarını ödəyərsən, ondan sonra gəlib maşın yuduzdurarsan” ifadəsini işlətdi. Təbrizin ünvanıma ağır küçə söyüşləri işlətməsi mənə pis təsir etdi. Mən də onun ünvanına nalayiq ifadələr işlədərək, onun üzərinə getdim, onun sağ göz nahiyyəsindən bir dəfə yumruqla vurdum. Təbrizin yumruq zərbəmdən yerə yıxıldığını gördüm və hadisə yerindən getdim”.

Təqsirləndirilən şəxs deyib ki, münaqişə zamanı avtoyuma məntəqəsində onlardan başqa heç kim olmadığından onların mübahisə və davalarını heç kim görməyib: “Təbrizlə barışmışam, ona dəymiş maddi və mənəvi ziyanı ödəmişəm. Təbriz də məni bağışlayıb”.

Şəki Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 4 və 5.1-ci bəndi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova