ABŞ və İran arasında baş tutan diplomatik görüşlər ərəfəsində maraqlı məqam üzə çıxıb. Vitse-prezident Ceyms Devid Vens rəsmi Tehranın təqdim etdiyi sənədlərin ciddi qəbul edilməməsinin səbəbini açıqlayıb. Vens bildirib ki, İran tərəfinin hazırladığı 10 maddəlik ilkin təkliflər paketi süni intellekt proqramı olan "ChatGPT" vasitəsilə tərtib olunub. Ağ Ev rəsmisi bu məqamı aşkar etdikdən sonra sənədin dərhal rədd edildiyini vurğulayıb. Onun fikrincə, bu üsulla hazırlanan təkliflər danışıqlar masasında əsas götürülə bilməz.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, atəşkəs haqqında məlumatlar yayılanda və hər iki tərəf fərqli şərtlər siyahısını açıqlayanda artıq bəlli idi ki, burada danışıqlar aparılmayıb:
“Sadəcə olaraq danışıqlar üçün atəşkəs elan olunub. Yəni məqsəd danışıqların aparılması idi. Görüş özü çox vacibdir, çünki bu artıq birbaşa təmasdır. Keçmişdə bu təmaslar yalnız vasitəçilər üzərindən olurdu, yəni birbaşa deyildi. Hazırda isə birbaşa təmas baş tutdu və ilk görüşdə də, əlbəttə, belə danışıqlarda maksimal gözləntilər ifadə olunur. Ümid edək ki, ikinci görüş də olacaq. İkinci görüşə qədər isə əsas həssas məqam ondan ibarətdir ki, hər hansı bir silahdan istifadə olunsa quruda, dənizdə və ya havada bu, şübhəsiz ki, yeni eskalasiyaya səbəb olacaq”.
Qeyd edək ki, dövlətin rəsmi diplomatik sənədinin süni intellekt vasitəsilə hazırlandığı iddiasına görə rədd edilməsi tarixdə ilk hal kimi qiymətləndirilirsə, bu, beynəlxalq münasibətlərdə yeni "rəqəmsal diplomatiya" mərhələsinin başlanğıcı hesab olunur. Süni intellektlə hazırlanan diplomatik sənədlərin etibarlılığı və hüquqi qüvvəsi sual altına düşə bilər. Bu isə dövlətlər arasında etimadın azalmasına və diplomatik münasibətlərin zəifləməsinə səbəb ola bilər.
Leyla Turan Demokrat.az


