Yaxın Şərqdə iki həftəlik atəşkəs barədə yayılan xəbərlər qlobal maliyyə bazarlarını yerindən oynadıb. Donald Trampın İranla razılaşma əldə edildiyini və Hörmüz boğazının yenidən açılacağını elan etməsi enerji daşıyıcılarının qiymətində kəskin enişə səbəb olub. Uzun müddətdir gərginlik fonunda rekord hədlərə çatan neft qiymətləri bu bəyanatdan sonra sürətlə ucuzlaşmağa başlayıb.
Hörmüz boğazından neft və təbii qaz nəqlinin bərpa olunacağı ehtimalı bazarlarda birbaşa əks olunub. Brent markalı neftin qiyməti təxminən 20 faiz dəyər itirərək 93 dollar səviyyəsinə qədər geriləyib. ABŞ xam nefti olan WTI də bənzər aqibətlə üzləşərək 18 faiz ucuzlaşıb və hazırda 93 dollardan aşağı qiymətə təklif olunur.
Neft bazarındakı mənzərənin əksinə olaraq qızıl qiymətləri yeni zirvələri fəth edir. İnvestorların qeyri-müəyyənlikdən sığortalanmaq üçün təhlükəsiz aktivlərə yönəlməsi qızılın qiymətini tarixi maksimuma çatdırıb. Günə 4 700 dollarla başlayan qızılın ünsiyası qısa zamanda 4 817 dollara yüksəlib.
Hazırda diqqət İslamabadda keçiriləcək müzakirələrin verəcəyi yekun nəticəyə yönəlib.
İslam Demokrat.az


