Sağlamlıq Özəl

Şəkər xəstələri üçün axşamın faydalı içkisi açıqlandı

Şəkər xəstələri üçün axşamın faydalı içkisi açıqlandı

2-ci tip Şəkərli diabet xəstələri üçün axşam saatlarında hansı içkilərin daha faydalı olduğu açıqlanıb.

“Eating Well” nəşrinə danışan dietoloq Treysi Lokvud Bekerman bildirib ki, axşam vaxtı şəkərsiz bitki çaylarına üstünlük verilməlidir. Onun sözlərinə görə, xüsusilə darçın, çobanyastığı və lavanda çayları qan şəkərinin səviyyəsini nəzarətdə saxlamağa kömək edə bilər.

Dietoloq qeyd edib ki, darçın çayı müəyyən hallarda qlükozanın azalmasına dolayı təsir göstərə bilər. Darçının tərkibində olan bioloji aktiv maddələr – darçın aldehidi, darçın turşusu, kumarin və evgenol – karbohidrat mübadiləsinə təsir edərək orqanizmdə şəkər balansının tənzimlənməsinə kömək edir.

Bundan əlavə, çobanyastığı və lavanda kimi bitki çayları orqanizmdə su balansını qoruyur. Susuzlaşma zamanı qanda qlükoza konsentrasiyasının arta biləcəyi vurğulanır.

Dietoloqun sözlərinə görə, axşam saatlarında isti bitki çayı içmək həm də stress hormonunun, yəni kortizolun səviyyəsini azaltmağa kömək edir. Kortizolun yüksək olması isə qlükoza istehsalını artıra bilər.

Qeyd olunur ki, bu tövsiyələr əsas müalicəni əvəz etmir. Dərman müalicəsi, düzgün qidalanma və fiziki aktivliklə birlikdə əlavə dəstək kimi nəzərdə tutulur.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova