Cəmiyyət Özəl

Gələcəyin vandalları belə yetişir: Sərt cəzalar olacaq

Gələcəyin vandalları belə yetişir: Sərt cəzalar olacaq

“Mədəni-tarixi abidələrin qorunması bütün yaş qrupları və nəsillər üçün vacib məsələdir. Bu dəyərlər valideynlər tərəfindən övladlara, eyni zamanda təhsil müəssisələrində yeniyetmə və gənclərə sistemli şəkildə aşılanmalıdır. Abidələrə hörmətin formalaşması həm də mənəvi-psixoloji amillərlə bağlıdır və bu, cəmiyyətin ümumi mədəni səviyyəsini əks etdirir”.

Bu sözləri Demokrat.az-a açıqlama verən sosioloq Naib Niftəliyev deyib.

O qeyd edib ki, bəzən vandalizm xarakterli davranışlar bilərəkdən deyil, düşünülməmiş şəkildə, nəticələri tam dərk edilmədən də baş verə bilər:

“Əgər belə halları törədənlər uşaqlar və ya yeniyetmələrdirsə, onlarla profilaktik söhbətlərin aparılması, etdikləri əməllərə uyğun tərbiyəvi və çəkindirici tədbirlərin görülməsi daha məqsədəuyğun hesab olunur. Burada əsas məsələ insanın tərbiyəsi və mənəvi-psixoloji yetkinlik səviyyəsidir. Şəxs öz kimliyini və dəyərlərini dərk etdikdə, milli-mədəni irsə də hörmətlə yanaşır. Bu baxımdan, hər hansı mədəni abidənin görünüşünün dəyişdirilməsi, hətta bərpa məqsədi ilə olsa belə, onun tarixi quruluşuna və orijinal xüsusiyyətlərinə uyğun olmayan müdaxilələr həm estetik, həm də tarixi baxımdan mənfi qiymətləndirilir. Belə müdaxilələr nəticəsində abidə öz dəyərini və ilkin keyfiyyətlərini itirə bilər. Bu isə həm dövlət, həm də ictimai mülkiyyətə vurulan zərər kimi qiymətləndirilməlidir. Mədəni abidələrin estetik gözəlliyi və insan şüuruna ötürdüyü müsbət təsirlər nəzərə alınaraq, onlara qayğı, diqqət və qoruma münasibəti cəmiyyətin hər bir üzvü üçün əsas prinsiplərdən birinə çevrilməlidir”.

O diqqətə çatdırıb ki, bu sahədə qaydaların sərtləşdirilməsi də vacib addımlardan biridir:

“Digər tərəfdən, problemin effektiv həlli yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda sosial maarifləndirmə və erkən müdaxilə tədbirləri ilə mümkündür. Cəmiyyətin bu məsələlərə qarşı həssas və fəal mövqe tutması, belə halların qarşısını almağa çalışması və maarifləndirici təsir göstərməsi böyük əhəmiyyət daşıyır. Burada söhbət mənfi təzyiqdən deyil, müsbət sosial təsirdən gedir. İnsanları həm ictimai təhlükəli əməllərdən, həm də mədəni abidələrə zərər vurmaqdan çəkindirmək lazımdır. Hətta bu kimi hallarda ictimai işlərə cəlbetmə və ya mədəni irs haqqında maarifləndirici mühazirələrdə iştirak kimi alternativ, tərbiyəvi cəza tədbirləri də tətbiq oluna bilər. Bu yanaşma insanların etdikləri hərəkətləri daha dərindən dərk etməsinə kömək edir. Əgər bu tədbirlər kifayət etməzsə, təbii ki, qanunvericilikdə nəzərdə tutulan sanksiyalar tətbiq olunmalıdır”.

Xatırladaq ki, Bakı şəhəri Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) birgə bəyanat yayıb. Qeyd olunub ki, həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Bildirilib ki, hadisəni törədənlər saxlanılıb.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova