Saatlı rayonunda 1996-cı il təvəllüdlü Sərxan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nargiləyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 26-da rayonun kəndlərindən birində baş verib. Sərxan həmin gün saat 23 radələrində yaşadıqları fərdi yaşayış evinin mətbəxində arvadı Narigilə ilə şəxsi münasibətlər zəminində mübahisə edib. O, dalaşaraq arvadının saçından tutub, yumruqla baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nargilə ilə 2023-cü ildə ailə həyatı qurub və bu günə qədər övladları dünyaya gəlməyib:
“Mən Nargiləni döyməmişəm. Dekabrın 26-da, səhər saatlarında işə gedən zaman həmin vaxt məni ötürən Nargilədən gödəkçəmin papağını düzəltməsini xahiş etdim. Lakin o, gödəkçəmin papağını düzəldən zamanı boyun nahiyəmdən öpmək istədi. Bu zaman arvadıma anamın bizi gördüyünü dedim, ona özünü yığışdırmasını bildirdim. Bundan sonra aşağı əyilərək ayaqqabımı geyinən zaman arvadım şalvarımın arxa cibindən mobil telefonumu götürdü. Ondan telefonu verməsini tələb etsəm də, o, telefonu verməyəcəyini bildirdi. Buna görə aramızda sözlə qısa mübahisə baş verdi. Mən də onun hərəkətlərinə əhəmiyyət vermədim və getdim”.
Təqsirləndirilən şəxs deyib ki, yol ilə gedərkən qəflətən Nargilənin xəstəxanaya analizə getməsi üçün taksi sifariş verməyi yadına düşdüyü üçün evə qayıdıb və ondan telefonunu geri alıb:
“Bundan sonra işə getdim. İşdə olan zaman Nargiləyə zəng etdim, sifariş verdiyim taksinin gələcəyi barədə məlumat verdim, anam ilə birlikdə həkimə getməsini bildirdim. Lakin Nargilə tezdən baş vermiş söz-söhbətə görə xəstəxanaya getməyəcəyini dedi. Buna görə də taksi sürücüsünə zəng etdim, sifarişdən imtina etdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün təxminən saat 23 radələrində işdən yaşadığı evə qayıdıb:
“Yataq otağına keçən zaman Nargilənin çarpayıda uzandığını gördüm. Nargilə məni görən kimi gün ərzində nə səbəbə ona zəng etmədiyimi soruşdu. Mən də Nargiləyə tezdən etdiyi hərəkətlərə görə ona qarşı əsəbi olduğumu dedim. Bundan sonra Nargilədən yemək hazırlamasını istədim. Lakin o, “get, özün hazırla” deyərək mənə sifət elədi. Bunun üçün mən də mətbəxə keçdim və özümə yemək hazırlayaraq yedim. Daha sonra yataq otağına qayıdan zaman Nargilənin ağladığını gördüm. Ondan niyə görə ağlamasını soruşdum. O, “cəhənnəm ol, get, burdan” deyərək söyüş söyməyə başladı. Nargilə həmin vaxt ayaq üstə idi. Məni söyməsinə görə əlim ilə sinə nahiyəsindən itələyərək çarpayıya yıxdım. Lakin Nargilə ayağa qalxaraq mobil telefonu götürdü və anası Səmayəyə zəng etdi, onunla danışmağa başladı. Mən də Nargilənin paltarının arxasından tutdum və saxlayaraq mobil telefonu əlindən aldım, qayınanama ailə işimə qarışmamasını dedim. Onu söyərək telefonu söndürdüm. Bir qədər sonra Nargilənin atası Yusif yaşadığım evə gələrək onu apardı. Polis əməkdaşları mənə zəng edən zaman bildim ki, Nargilə məndən şikayət edib”.
Təqsirləndirilən şəxs əlavə olaraq bildirib ki, arvadının baş nahiyəsinə yumruqla 4-5 dəfə zərbə vurmayıb. O, sonda məhkəmədən ona bəraət verilməsini xahiş edib.
Zərərçəkmiş Nargilənin sözlərinə görə, 2023-cü ildə Sərxanla ailə həyatı qurub, bu günə qədər övladları olmayıb: “Bununla əlaqədar həkimə müayinə üçün ikimiz də getmişik. Müayinə zamanı hər ikimizin səhhətimizdə xəstəliklər aşkar olundu. Bu səbəbdən övladımız olmayıb. Həkim tövsiyə etdi ki, hər ikimiz 3 kurs müalicə alaq. Mən müalicə aldım. Lakin Sərxan növbəti analizləri vermədiyi üçün müalicə olunmadı. Bu səbəbdən mənim də müalicəm dayandı. Ərimə gedərək analiz verməsini dedim. Amma o, getmədi. Aramızda sözlə mübahisə oldu”.
Nargilə qeyd edib ki, 2025-ci ilin noyabr ayının sonlarında əri Sərxan ona atasından ya maşın almasını, ya da maşının pulunu almasını istəməyi deyib: “Mənə dedi ki, atan Yusifə denən mənə maşın alsın, yada pul versin, özüm alaraq işləyim. Mən də bu barədə anama dedim. Anam isə Sərxanın özünün atama deməsini bildirdi”.
Nargilənin sözlərinə görə, məlum hadisə günü saat 9 radələrində həyat yoldaşı Sərxana ağrılarının olduğunu bildirib:
“Sərxan mənə həkimə gedərək yoxlanılmağımı bildirdi. Mən isə ona “getmirəm, ağrıyıram, maşına otura bilmirəm, sonra gedərəm” dedim. Bundan sonra Sərxan getdi. Təxminən saat 10 radələrində Sərxan taksi göndərdi. Lakin mən getmədim. Həmin gün saat 23 radələrində ərim evə sərxoş halda gəldi və niyə həkimə getmədiyimi sual etdi. Mən də Sərxana “ağrıdığımı, səbəbini də bilirsən” dedim. Daha sonra Sərxan məndən yemək istədi. Mən də ona yemək verdim. Həmin vaxtı Sərxan mən də yemək yeməyimi dedi. Mən isə Sərxana ürəyim istəmədiyini bildirdim. Həmin vaxt Sərxan mənə “atana dediyimi dedin” deyərək sual etdi. Mən isə ona bildirdim ki, get atama özün de. Bu vaxt Sərxan məni və valideyinlərimi söyüb təhqir etməyə başladı. Mən də ona dedim ki, ailənin sənə verdiyi tərbiyəni göstərirsən, mənə diqqət etmirsən, ailə kimi qayğıma qalmırsan. Həmin vaxt Sərxan evin mətbəxində üstümə hücum edərək saçımdan tutaraq baş nahiyəmə yumruqla 4-5 dəfə zərbələr vurdu. Daha sonra mobil telefonumu əlimdən aldı. Həmin vaxt təsadüfən anam zəng etdi. Amma Sərxan telefonu söndürdü. Daha sonra Sərxan məni yataq otağına salaraq qapını örtdü. Səsimizə Sərxanın anası gəldi və oğlunu qonaq otağına apardı. Mən də yataq otağından çıxaraq qonaq otağına onların yanına gəldim. Qayınanam məndən nə olduğunu, niyə dalaşdığımızı soruşdu. Mən də qayınanama oğlundan soruşmasını bildirdim. Həmin vaxt atam zəng vurdu. Sərxan həyətə düşərək danışdı. Lakin nə danışdıqlarını bilməmişəm. Gecə təxminən saat 1 radələrində atam gələrək məni öz evinə apardı”.
Saatlı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməsi, həmçinin yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarından kənara çıxması qadağan olunub.
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Fariz Məlikli Demokrat.az


