Sağlamlıq Özəl

Bayram şirniyyatları ilə bağlı xəbərdarlıq

Bayram şirniyyatları ilə bağlı xəbərdarlıq

Bayram süfrələrində şirniyyatların payı böyük olur, çox vaxt “bir dənədən heç nə olmaz” düşüncəsi ilə porsiyalar artır. Halbuki, pəhriz sahəsində çalışan Ezgi Hazal Çelik qeyd edir ki, şəkərli qidalar hətta sağlam insanların gündəlik rasionunda da minimum səviyyədə qalmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı isə gündəlik enerji ehtiyacının yalnız 5-10 faizinin şəkərdən gəlməsini tövsiyə edir, bu da təxminən kiçik porsiya şirniyyat deməkdir.

Demokrat.az-ın məlumatına görə şəkərin həddindən artıq qəbulu orqanizmdə ciddi dəyişikliklər yaradır. Qaraciyərdə yağ turşularının artması damarların sərtləşməsinə gətirib çıxarır, nəticədə ürək-damar xəstəliklərinin riski yüksəlir. Qana sürətlə qarışan şəkər insulin balansını pozur, bu isə zamanla Tip 2 diabet riskini artırır. Xüsusilə ailəsində bu xəstəlik olanlar üçün ehtiyatlı olmaq daha vacib sayılır.

Son illərdə diqqət çəkən başqa məqam alkoqolla əlaqəsi olmayan qaraciyər yağlanmasının artmasıdır. Hazır məhsullarda geniş istifadə edilən fruktoza siropu bu prosesdə əsas rol oynayır. Qaraciyər artıq enerjini yağa çevirir, bu isə daxili orqanların işinə mənfi təsir göstərir. Digər tərəfdən, şəkərli qidalar lif və protein baxımından kasıb olduğuna görə toxluq hissi yaratmır, əksinə iştahanı artırır və piylənməyə şərait yaradır.

Şəkərin təsiri bununla bitmir. Ağız boşluğunda pH balansını pozur, diş çürüməsi və xoşagəlməz qoxu ilə nəticələnir. Beyində dopamin ifrazını artıraraq asılılıq yaradır, insan qısa müddətli həzz aldığı üçün daha çox şəkər istəyir. Bu dövrə qapılmamaq üçün şəkəri “mükafat” kimi qəbul etməmək və liflə zəngin qidalara üstünlük vermək daha sağlam seçim sayılır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova