Sağlamlıq Özəl

Bu cinsin nümayəndələri daha çox yaşayır: Səbəbi də açıqlandı

Bu cinsin nümayəndələri daha çox yaşayır: Səbəbi də açıqlandı

Dünya miqyasında aparılan araşdırmalar qadınların kişilərə nisbətən orta hesabla 5-7 il daha çox ömür sürdüyünü göstərir. Bu fərqin səbəbləri həm genetik faktorlar, həm də hormonal xüsusiyyətlərlə bağlıdır.

Demokrat.az-ın məlumatına görəTürkiyədə fəaliyyət göstərən ginekoloq Pərvanə Seyidova bildirir ki, qadınların iki X xromosomuna sahib olması onlara bəzi xəstəliklərə qarşı bioloji üstünlük qazandırır.

Eyni zamanda menopoz dövrünə qədər aktiv olan estrogen hormonu ürək və damar sağlamlığını qoruyaraq ömrü uzadan əsas amillərdən biri hesab olunur.

Qadınların sağlamlıq məsələlərinə daha məsuliyyətli yanaşması və zərərli vərdişlərdən uzaq durması da bu statistikaya təsir edir. Lakin uzun ömür hər zaman tam sağlam yaşamaq demək deyil. Qadınlar daha çox yaşasalar da, ahıl yaşlarda xroniki xəstəliklərlə qarşılaşma riski onlarda kişilərdən daha yüksəkdir. Xüsusilə menopozdan sonra estrogenin azalması sümük əriməsi və maddələr mübadiləsi problemlərinə yol açır.

Sümük sıxlığının azalması ilə yanaşı qalxanvari vəzi xəstəlikləri və depressiya kimi ruh sağlamlığı problemləri də qadınlarda daha çox müşahidə edilir. Ürək xəstəlikləri qadınlarda çox vaxt fərqli əlamətlərlə özünü büruzə verdiyi üçün diaqnozun qoyulması bəzən gecikə bilir. Bu səbəbdən mütəmadi müayinələrdən keçmək və hormonal dəyişiklikləri nəzarətdə saxlamaq həyat keyfiyyətini qorumaq üçün vacibdir.

Sağlam qocalmaq üçün yalnız genetik üstünlüklərə güvənmək kifayət deyil. Balanslı qidalanma, fiziki aktivlik və yuxu rejimi uzun ömürlülüyün keyfiyyətini müəyyən edən əsas faktorlardır. Pərvanə Seyidova vurğulayır ki, əsas hədəf sadəcə təqvim illərini artırmaq yox, həm də həyatın hər mərhələsini gümrah və aktiv şəkildə keçirmək olmalıdır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova