Cəmiyyət Özəl

Sürücülərin diqqətinə! Bakı yollarında dəyişilik edilir — AÇIQLAMA

Sürücülərin diqqətinə! Bakı yollarında dəyişilik edilir — AÇIQLAMA

Bakı küçələrindəki bəzi işıqforlarda geri sayım göstəricilərinin ləğv edilməsi sürücülər arasında marağa səbəb olub. Bu dəyişiklik ilk baxışda vərdişləri pozsa da, əsas məqsəd yollarda təhlükəsizliyi artırmaq və qəza riskini minimuma endirməkdir. Təcrübə göstərir ki, saniyəölçən olan yerlərdə sürücülər yaşıl işığın bitməsinə az qalmış sürəti artıraraq kəsişmədən keçməyə çalışırlar. Bu isə həm digər nəqliyyat vasitələri, həm də piyadalar üçün ciddi təhlükə yaradır.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, sözügedən dəyişikliyin səbəbi barədə rəsmi məlumat verilib.

"Bildirilib ki, işıqforların ləğvi yalnız onların səlahiyyətində olan bir qərardır və bunun səbəblərini yalnız onlar açıqlaya bilər. Nazirlik qeyd edib ki, həmin qərarın hansı səbəblərdən verildiyi, niyə işıqforlarda saniyələrin yığışdırıldığı barədə suallara cavabı yalnız Nəqliyyat Direktorluğu verə bilər. Bu açıqlama vətəndaşlar arasında yaranmış sualların yalnız müvafiq qurum tərəfindən cavablandırıla biləcəyini göstərir və məsələnin operativ şəkildə həll olunması üçün əlaqədar qurumların rolunun vacibliyini ortaya qoyur".

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məsələyə aydınlıq gətirərək bildirib ki, rəqəmli tabloların olmaması sürücüləri daha diqqətli olmağa məcbur edir. Saniyələri görməyən sürücü işığın hər an dəyişə biləcəyini nəzərə alaraq qəfil sürət artırmır. Beynəlxalq təcrübədə də bir çox inkişaf etmiş ölkələr artıq bu sistemdən imtina edib. Sistem sınaqdan keçdikcə sürücülərin davranışlarına uyğun yeni tənzimləmələrin aparılması planlaşdırılır.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da mövzu ilə bağlı rəsmi qurumların mövqeyinə diqqət çəkib. O qeyd edib ki, bu qərar birbaşa səlahiyyətli orqanların təhlilləri əsasında verilib. Vətəndaşları maraqlandıran sualların cavabı məhz bu sahəyə məsul olan qurumların apardığı monitorinqlərdə öz əksini tapır. Görünən odur ki, yollarda nizam-intizamın yaradılması üçün atılan bu addım piyadavurma hallarının və kəsişmələrdəki toqquşmaların qarşısını almağa xidmət edir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova