Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlər ölkədə çalışanların gəlirlərində müəyyən dinamikanın olduğunu göstərir. 2026-cı ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı 1103,8 manata çatıb. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artım deməkdir. Hazırda ölkədə 1 milyon 782 min nəfər rəsmi şəkildə muzdla çalışır ki, onların da yarıdan çoxu qeyri-dövlət sektorunun payına düşür.
Statistikaya nəzər saldıqda işçilərin ən çox ticarət, nəqliyyat vasitələrinin təmiri və təhsil sahələrində cəmləşdiyini görmək olar. Sənaye, səhiyyə və tikinti sektorları da məşğulluqda mühüm yer tutur. Lakin orta aylıq əməkhaqqı göstəricisi ümumi mənzərəni tam əks etdirməyə bilər.
Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli hesab edir ki, orta aylıq əməkhaqqının artması müsbət hal olsa da, əsas diqqət median maaşa yetirilməlidir. Ekspertin sözlərinə görə median maaş ölkədə çalışanların yarısının hansı həddə qədər gəlir əldə etdiyini göstərən daha dəqiq meyardır. Hazırda Azərbaycanda bu göstərici 650 manata yaxındır.
“Amma bu əsas statistik göstərici deyil. Əsas statistik göstəricilər sahələr üzrə əməkhaqqının nə qədər olmasıdır, median əməkhaqqının nə qədər olmasıdır. Yəni median maaş o deməkdir ki, ölkədə çalışanların yarısı hansı həddə qədər maaş alır. Bizdə bu median maaş hardasa 600 manatdan bir az çoxdur, 650 manata yaxındır. Yəni problem əslində budur. Orta aylıq maaşın artması öz-özlüyündə pozitivdir, təbii ki, yaxşı ki artır. Amma bu inflyasiyanı, qiymət artımlarını da nəzərə alsaq, bu artım maaşların ümumiyyətlə artımı, təqaüdlərin artımı insanları qane edirmi, burda artıq suallar yaranır. Çünki inflyasiyanın yüksəlməsi artan maaşların real gəlirə çevrilməsinə imkan vermir”.
Leyla Turan Demokrat.az


