Milli Məclis qadın hərbçilər üçün müddətdən artıq həqiqi hərbi xidmət müddətinin azaldılmasını nəzərdə tutan qanun layihəsini son oxunuşda təsdiqləyib. Yeni qaydalara əsasən ilkin bağlaşma müddəti 3 ildən 6 aya endirilib.
Parlamentin bugünkü iclasında müzakirə edilən dəyişiklik qadın hərbi qulluqçuların xidmət şəraitinə uyğunlaşmasını asanlaşdırmağı hədəfləyir.
Mövcud qanunvericiliyə görə qadınlar hərbi xidmətə qəbul olunarkən birbaşa 3 illik müqavilə bağlamalı olurdular. Bu vəziyyət onların xidmətə alışma mərhələsində müəyyən çətinliklər yaradırdı. Kişi vətəndaşlardan fərqli olaraq qadınlar əvvəlcədən müddətli həqiqi hərbi xidmət keçmədikləri üçün uzunmüddətli öhdəlik götürməkdə tərəddüd edirdilər. Çox vaxt ailə vəziyyəti və digər şəxsi səbəblərdən xidməti vaxtından əvvəl tərk etmək məcburiyyətində qalırdılar. Bu da orduda kadr sabitliyinə mənfi təsir göstərirdi.
Demokrat.az


