Siyasət Özəl

İran bu hərəkətə görə üzr istəməlidir — Deputat

İran bu hərəkətə görə üzr istəməlidir — Deputat

İran Naxçıvana dronla zərbələr endirib. Dronla Naxçıvan aeroportunu vurub. Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb. Bir dron isə Şəkərabad kənd məktəbinin yaxınlığına təsadüf edib. Xatırladaq ki, münaqişə başlayandan bəri Azərbaycan İranla qonşuluq siyasətinə sadiq qalıb, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçıya zəng edərək, Azərbaycan ərazisindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dediyi fikirləri bir daha xatırladıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a deyib ki, Azərbaycanın İranla münasibətləri hər zaman çox diqqətlə və həssaslıqla idarə olunub.

“Bu çərçivədə, İranın Naxçıvan hava limanına dronla hücumu qəbuledilməzdir. Bu cür təxribatlar, iki ölkə arasında qarşılıqlı hörmət və etimada zərbə vurur. Biz İran tərəfinin bu hərəkətə görə üzr istəməsini və gələcəkdə belə hərəkətlərin təkrarlanmaması üçün ciddi öhdəlik götürməsini gözləyirik. Azərbaycan artıq rəsmi strukturlar vasitəsilə bəyan edib ki, ölkə öz suveren hüquqlarını qorumağa tam səlahiyyətlidir və bu hüququn müdafiə olunacağına dair heç bir şübhə olmamalıdır. Azərbaycan, öz ərazi bütövlüyünü və müstəqilliyini qorumağa qadir dövlətdir, və bu gerçəkliyi bütün dünya nəzərə almalıdır. Beləliklə, hər kəs bilməlidir ki, Azərbaycan öz suverenliyini hər cür təhdid və təxribatdan qorumağa tam hazırdır”.

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova