Siyasət Özəl

İran Türkiyə ilə Azərbaycanı sınağa çəkir — ŞƏRH

İran Türkiyə ilə Azərbaycanı sınağa çəkir — ŞƏRH

İranın Naxçıvana dronla zərbə endirməsi regiondakı gərginliyi getdikcə artırır. İran bu hərəkəti ilə sərhədləri keçdiyini nümayiş etdirir və xüsusilə Türkiyə ilə Azərbaycanın mövqelərini sınağa çəkir.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, İran artıq bu hərəkəti ilə qırmızı xətləri keçdiyini göstərmiş oldu.

"Regionda bu məsələyə birbaşa qoşulmayan və İrana qarşı hər hansı addım atmayan iki dövlət qalıb: Türkiyə və Azərbaycan. Lakin İran, xüsusilə bu ölkələri təxribata çəkməyə başlayıb. Təbii ki, dövlət bu vəziyyətlə bağlı açıqlama verəcək, amma belə addımlar İrana qarşı təzyiqi artıracaq və təxribatın əks effekt verəcəyini göstərir. Bu cür hərəkətlər, İrana qarşı mövqeyi sərtləşdirəcək və bölgədə qarşılıqlı etimadın zəifləməsinə səbəb olacaq. İranın niyyəti Azərbaycanın və Türkiyənin regiondakı mövqelərini sınağa çəkməkdir, lakin bu, yalnız gərginliyi artıracaq. Eyni zamanda, Azərbaycanın daxili və xarici siyasətində müəyyən meyillərə qarşı formalaşmış narazılıqlar da nəzərə alınmalıdır".

Ekspert bildirib ki, bunun nəticəsində Azərbaycan, öz milli maraqlarını qorumaq üçün zəruri addımlar atacaq və vəziyyətə uyğun siyasət yürüdəcək:

"Bu, eyni zamanda propaqandaya qarşı tədbirlərin görülməsi və daxili birliyin təmin olunması baxımından da əhəmiyyətlidir. Təbii ki, dünən Azərbaycan Prezidenti tərəfindən İran səfəri zamanı xatirə dəftərinə ürək sözlərinin yazılması, münasibətlərin mürəkkəbliyini və hələ də tam başa düşülməyən diplomatik nüansları göstərir. Bu hadisə, İranın mövqeyini düzgün qiymətləndirmək üçün diqqətli analiz tələb edir".

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova