Qabyuyan maşından istifadə edərkən düzgün proqramı seçmək həm elektrik enerjisinə, həm də su sərfiyyatına birbaşa təsir edir. Müasir cihazlarda mövcud olan müxtəlif rejimlər müəyyən məqsədlər üçün nəzərdə tutulub və büdcənizi qorumaq üçün bəzi qaydalara diqqət yetirməyiniz olduqca vacibdir.
Demokrat.az xəbər verir ki, çoxları Eko rejiminin daha çox vaxt apardığını görüb onun çox enerji sərf etdiyini düşünsə də, əslində bu seçim ən qənaətcil variant hesab olunur. Eko rejimi suyu daha aşağı temperaturda qızdırır və qabları daha uzun müddət isladaraq təmizləyir. Suyun qızdırılması elektrik enerjisinin böyük hissəsini apardığı üçün bu rejim digərləri ilə müqayisədə təxminən 30 faizə qədər qənaət təmin edir.
Sürətli və ya 30 dəqiqəlik proqramlar vaxt az olduqda əlverişli görünsə də, əslində ən çox enerji sərf edən proqramlardan biridir. Maşın qısa müddətdə qabları təmizləmək üçün suyu daha yüksək temperatura qədər sürətlə qızdırmalı olur ki, bu da elektrik sayğacının sürətlə fırlanmasına səbəb olur. Əgər qablarınız çox çirkli deyilsə və vaxtınız varsa, bu rejimdən qaçınmaq məsləhətdir. Maşın tam dolmadıqda isə "yarım yükləmə" funksiyasından istifadə etmək olar. Bu zaman cihaz həm suyun miqdarını, həm də işləmə müddətini azaldır. Lakin ekspertlər bildirir ki, maşını tam doldurub bir dəfəyə yumaq hər zaman iki dəfə yarım rejimdə yumaqdan daha səmərəlidir.
Yeni nəsil maşınlarda olan avtomatik rejim funksiyası isə suyun çirklilik dərəcəsini sensorlar vasitəsilə ölçərək ən optimal enerji sərfiyyatını müəyyən edir. Əlavə qənaət üçün qurutma mərhələsini ləğv edərək maşının qapağını bir qədər aralı qoymaq olar. Təbii hava axını ilə qurutma həm elektrik xərclərini azaldır, həm də qabların üzərində su ləkələrinin qalmasının qarşısını alır. Bu kiçik detallara diqqət yetirməklə həm məişət texnikasının ömrünü uzatmaq, həm də ay sonunda gələn faturaları nəzarətdə saxlamaq mümkündür.
İsmayıl Demokrat.az


