İqtisadiyyat Özəl

Enerji böhranı olacaq — Politoloqdan qorxunc proqnoz

Enerji böhranı olacaq — Politoloqdan qorxunc proqnoz

İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") baş komandanının müşaviri, briqada generalı İbrahim Cəbbari bəyan edib ki, ABŞ və İsrailin hücumlarına cavab olaraq Hörmüz boğazı bağlanıb və onu keçməyə cəhd edən gəmilərə hücum ediləcək. İran dövlət televiziyasında çıxışında o bildirib: “Neft kəmərlərinə də zərbələr endiriləcək, bölgədən bir damla belə neftin çıxmasına icazə verilməyəcək”.

Politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, dünya neftinin təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə nəql olunur və bu, məsələni son dərəcə həssas edir:

“İranın bu boğazı bağlaması Qərb dövlətləri, ərəb ölkələri və xüsusilə Avropa üçün ciddi problemlər yarada bilər. Çünki Avropanın enerji təhlükəsizliyində Körfəz ölkələrinin rolu böyükdür. Qətər Avropanın qaz təchizatında mühüm yer tutur.““QatarEnergy” şirkəti öz fəaliyyətini tamamilə dayandırdığını elan edib. Yəni bu məsələlər kifayət qədər ciddi problemlər yaradacaq məsələlərdir. Təkcə ixracatçı ölkə olan Körfəz ölkələri üçün deyil, həm də idxalçı ölkə olan Avropa ölkələri üçün çox ciddi problem yaradacaq məsələdir. İran əgər Hörmüzü bağlamaqda davam edərsə, bu xüsusilə Avropada neft və qazın qiymətində kəskin bahalaşmanı özündə gətirəcək”.

Politoloq deyib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın Rusiyadan neft və qaz almasında da ciddi şəkildə problemlər yaranıb:

“Əvvəl Rusiyadan neft və qazı çox ucuz qiymət alırdı, öz enerji təhlükəsizliyini qoruya bilirdi. İndi almır, bu da problemləri özündə gətirir. İndi eyni mərhələnin Körfəz ölkələrində baş verməsi, enerji təhlükəsizliyində çox ciddi problem yaradacaq. Artıq kütləvi qiymət artımının şahidi olacağıq. Eləcə də dünya birjasında neftin bir barelinin təxminən 100 dollardan çox baha satılması, yəni rekord həddə çatması da gözlənilir ki, bu da ciddi şəkildə dünyanın enerji böhranına düçar olmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova