Yaponiyanın Azərbaycandakı səfirliyinin regiondakı vəziyyətlə bağlı fəaliyyətini müvəqqəti dayandırması suallar doğurub. Viza sənədlərinin qəbulu və hazır vizaların verilməsinin də dayandırılması qərarın miqyasını daha da geniş göstərir. Mövcud geosiyasi şərait fonunda ölkənin təhlükəsizlik baxımından nə dərəcədə sığortalı olduğu da müzakirə mövzusuna çevrilib. Regionda baş verən proseslər diplomatik missiyaların fəaliyyətinə necə təsir edir?
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Demokrat.az-a bildirib ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırması böyük ehtimalla İranda davam edən hərbi qarşıdurma ilə bağlıdır:
"Bu, birbaşa Azərbaycanın risk zonası elan edilməsi anlamına gəlmir. Daha çox diplomatik nümayəndəliklərin öz əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə atdığı preventiv addım kimi qiymətləndirilə bilər.
Münaqişənin ilk saatlarından etibarən regionda gərginliyin artdığı müşahidə olunur. İranın bölgədəki bəzi hədəflərə zərbələr endirməsi ümumi təhlükəsizlik mühitini həssaslaşdırıb. Belə şəraitdə bir sıra ölkələrin diplomatik missiyalarını müvəqqəti məhdudlaşdırması praktikada rast gəlinən addımdır".
Ekspert deyib ki, Azərbaycanla bağlı risklərin yüksək olduğu fikri hazırkı mərhələdə əsaslı görünmür.
"Baxmayaraq ki, zaman-zaman bəzi dairələr tərəfindən əsassız ittihamlar səsləndirilib, rəsmi Tehran tərəfindən bu iddialar təkzib olunub. Həm Azərbaycan, həm də İran rəsmiləri qarşılıqlı olaraq ərazilərdən üçüncü tərəflərə qarşı istifadə edilməyəcəyinə dair mövqelərini açıq ifadə ediblər.
Bu baxımdan, hazırda Azərbaycan birbaşa hərbi risk zonasına daxil edilə bilməz. Lakin regionda davam edən qarşıdurmanın hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Ona görə də vəziyyət həssas olaraq qalır və ehtiyatlı diplomatik davranış vacibdir", - deyə o bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Əfsanə Kamal Demokrat.az


