Kriminal Özəl

Kafedə kəndin qadınları barədə artır-əksik danışdı, döydülər — Məhkəmə

Kafedə kəndin qadınları barədə artır-əksik danışdı, döydülər — Məhkəmə

Mingəçevir şəhərində 1994-cü il təvəllüdlü Mənsur sərxoş vəziyyətdə tanışı Səfərə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən “Samux” kafesinin yaxınlığında baş verib.

Mənsur orada tanışı Səfər və ortaq tanışları ilə söhbət edərkən qadın həmkəndlisinin əxlaqsız hərəkətləri barəsində danışan Səfərə məclislərinə uyğun olmayan söhbətlər etməsi ilə bağlı irad bildirib. Bu zaman onların aralarında sözlə mübahisə yaranıb. Sonra kafenin kənarına gedərək bir qədər əvvəl aralarında yaranmış narazılığı aydınlaşdırmaq istəyərkən əlbəyaxa dava baş verib.Bu vaxt Mənsur Səfərin kəllə zərbəsi ilə onu vurmaq istədikdə geri çəkilib və onun sifət nayihəsindən yumruqla bir dəfə vurub.

Mənsurun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Mənsur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ildən hərbi qulluqçu olub və müxtəlif bölmələrdə xidmət edib: “2020-ci ildə Qarabağ Müharibəsi başlayandan döyüşlərdə iştirak etmişəm. Döyüşlərdə fərqləndiyimə görə medallarla təltif olunmuşam. Müharibədə olarkən başımdan və qolumdan yaralanmışam. Qaziyəm, 2-ci qrup müharibə əliliyəm. Zərərçəkmiş Səfər ilə uzaq qohumluq əlaqələrim olub, münasibətlərimiz həmişə yaxşı olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü o, qohumu Ərəstun və qardaşı Əli ilə birlikdə Mingəçevir şəhərində görüşüb, onlardan Yevlax rayonun kəndində yerləşən əvvəllər yaşadığı evin həyətyanı sahəsinə hasar çəkmək üçün qum-çınqıl almaqda köməklik etmələrini xahiş edib:

“Həmin gün qohumlarım ilə birlikdə qum və sair tikinti materialları alaraq yaşadığım kəndə getdik. Orada olarkən kənddə yaşayan qohumlarımız Səfər və daha üç nəfərlə görüşdük. Uzun müddətdir ki, Bakı şəhərində olduğum üçün görüşdüyümüzə sevindik, onlara qonaqlıq vermək istədiyimi bildirdim. Buna görə də həmin gün saat 19 radələrində həmin şəxslərlə birlikdə Mingəçevir şəhəri Günəşli massivində yerləşən “Samux” kafesinə gəldik. Orada yeyib-içdik. Söhbət zamanı Səfər spirtli içkinin təsirində olarkən yaşadığımız kənd sakinlərinin barəsində xoşagəlməz söhbətlər etməyə başladı. Mən də ona kəndin sakinləri haqqında bizim məclisimizdə söz danışmağın yersiz olmasını bildirdim. Bu zaman Səfər bir nəfər qadının əxlaqsızlığı barədə danışdığı üçün mən həmin söhbətlərə son qoyulmasını, lüzum olmamasını bildirdim”.

Mənsur qeyd edib ki, daha sonra Səfər onun barəsində artıq ifadələr işlətməyə başlayıb: “O, qolumda olan xəsarətin yalan olmasını, karsetin saxta olmasını bildirdi. Mən Səfərə ciddi irad bildirdim, özüm və özüm kimi müharibədə qazi olanlar barəsində danışmaq haqqı olmamasını dedim. Bundan sonra biz kafedən çıxmalı olduq. Kafenin kənarında olarkən Səfər yenə də üstümə gələrək yenidən mübahisə yaratmağa başladı. Bu zaman aramızda sözlü mübahisə davam edərkən Səfər sağ qolumun işləməməsi, karsetdə olmasına görə onunla dalaşa bilməyəcəyimə əmin olaraq kəllə zərbəsi ilə məni vurmağa cəhd etdi. Həmin vaxt zərbədən yayındım, sol əlim ilə yumruqla Səfərin sifətindən bir dəfə vurdum. Bu vaxt qohumlarım araya girərək bizi sakitləşdirdilər. Daha sonra oradan getdi. Mən əvvəlcə Səfərin xəsarətinin yüngül olmasını düşünsəm də, sonradan maraqlananda öyrəndim ki, xəsarəti sümük sınığıdır. Ona görə də ona yardım etmək və müalicəsi məqsədilə Səfərin qaynı Vahidə 500 manat kartla göndərdim, həmin vəsaiti Səfərə verməsini xahiş etdim. Həmçinin müalicəsinə köməklik olmasını bildirdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, özünün sağ qolunda karset olub, həmçinin beyin insultu keçirib, buna görə də sağ qolu işləmir: “Mən hər hansı şəxslə dava etməyə fiziki cəhətdən sağlamlığım yol vermir. Ona görə də heç vaxt davanın təşəbbüskarı olmamışam Həmin davanın da təşəbbüskarı Səfərin özü olub. İçkili olduğu üçün yersiz mübahisə yaradaraq mənə kəllə zərbəsi atıb. Mən isə zərbədən yayınaraq yumruqla bir dəfə sifətindən vurmuşam”.

Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Mənsur aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova