Mənzil sahibi olmaq əksər vətəndaş üçün ən böyük hədəflərdən biri olaraq qalır. Ancaq son illərdə daşınmaz əmlak bazarında qiymətlərin artması bu məqsədə çatmağı daha da çətinləşdirib. Xüsusilə Bakı və ətraf ərazilərdə müşahidə olunan bahalaşma alıcıların seçim imkanlarını daraldır və bazarda rəqabəti artırır.
Demokrat.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun sözlərinə görə 2026-cı ilin iqtisadi baxımdan mürəkkəb keçəcəyi ilə bağlı fikirlər səslənsə də, daşınmaz əmlak bazarı investisiya üçün cəlbediciliyini itirmir:
“Alternativ investisiya alətlərinin məhdudluğu səbəbindən daşınmaz əmlak yenə də prioritet mövqeyini saxlayır. Ərazi baxımından xüsusilə Səbail və Nəsimi rayonları, yeni metro və tramvay xətlərinin çəkilməsi gözlənilən ərazilər, Ceyhun Hacıbəyli küçəsi və ətrafı, “Semaşko” xəstəxanasının yerləşdiyi ərazi və ətraf məhəllələr diqqət mərkəzindədir. Eyni zamanda, söküntü aparılan ərazilər və onlara yaxın məkanlarda da qiymət artımı potensialı yüksəkdir.
Bundan başqa, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunacaq iri yaşayış kompleksinin ətrafı, Qobu-Hökməli yolu boyunca torpaq sahələri və fərdi yaşayış evləri, Mərdəkan və Bilgəh qəsəbələrində dənizə yaxın ərazilər, eləcə də Nardaran istiqamətində, xüsusilə “Sea Breeze” layihəsinin ətrafı aktiv inkişaf zonasına daxildir. Bu ərazilərdə geniş tikinti və quruculuq işləri davam edir, bəzi hallarda torpaq və ev sahiblərinə kompensasiya ödənilərək əmlaklar alınır. Bütün bunlar 2026-cı ildə fərdi yaşayış evləri, torpaq sahələri və mənzillər üzrə artım tendensiyasının davam edəcəyini göstərir”.
Ekspertin proqnozlarına əsasən, gələn il bazarın müxtəlif seqmentlərində bahalaşma davam edəcək. V.Orucun sözlərinə görə, 2026-cı ildə köhnə tikililərdə qiymətlərin təxminən 6,5 faiz artacağı gözlənilir.
“Yeni tikililərdə artımın 9,5 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Torpaq sahələrində 15 faiz, fərdi yaşayış evlərində 9 faiz, qeyri-yaşayış sahələrində isə 11,5 faiz artım gözlənilir”, - deyə iqtisadçı qeyd edib./metbuat.az
Həmçinin oxu: Minlərlə ailənin özəl görüntüləri yayıla bilər — Evlərdəki bu bahalı alət 'casus' imiş Tolikə yüksək vəzifə verildi Kartofun yanına niyə alma qoyurlar?
Demokrat.az


