İqtisadiyyat Özəl

Ət biraz da bahalaşacaq — SƏBƏBLƏR

Ət biraz da bahalaşacaq — SƏBƏBLƏR

Son aylarda ət idxalının həcmində azalma müşahidə olunur. Bu azalma yerli istehsalın artması ilə əlaqədardır, yoxsa daxili bazarda ətə tələbatın zəifləməsi ilə? Eyni zamanda, istehlakçıların xaricdən gətirilən ət məhsullarına etibar səviyyəsi də müzakirə mövzusuna çevrilib. Bazarda formalaşan yeni vəziyyət qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar doğurur. İdxalın azalması təklif və tələb balansına birbaşa təsir göstərən amil kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, ölkədə ət idxalının azalmasının bir neçə səbəbi var:

"Birincisi, Monqolustandan ət idxalı əsasən oktyabr ayına qədər həyata keçirilir. Həmin dövrdən sonra ölkədə ciddi şaxtalar başlayır və növbəti tədarük təxminən may–iyun aylarında mümkün olur. Güclü şaxtalar səbəbindən nəqliyyat imkanları məhdudlaşır və ümumiyyətlə, oradan ət gətirmək çətinləşir. Bu da Monqolustan mənşəli ətin bazarda azalmasına səbəb olur. İkincisi, əhali arasında dondurulmuş ətə tələbat azalıb. Xaricdən gətirilən ətin böyük hissəsi dondurulmuş olduğu üçün bu hal idxalçılar üçün sərfəli olmur.Dünya bazarında ətin qiyməti 20–30 faiz artıb. Məsələn, Braziliyadan idxal olunan ət əvvəlki dövrlə müqayisədə 20–30 faiz bahalaşıb. Argentinadan gətirilən ət isə yerində nisbətən ucuz olsa da, əlavə xərclər nəticəsində qiymət yüksəlir. Gömrük rüsumları və digər xərclər əlavə olunduqda məhsulun qiyməti Azərbaycana çatana qədər təxminən 23 manata yüksəlir. Bu isə yerli bazar qiymətlərinə uyğun gəlmir".

O bildirib ki, Ukraynadan idxal olunan ətə də məhdudiyyətlər var, çünki daşıma xərcləri kəskin artıb:

"Bu da yekun qiymətin artmasına və idxalçı şirkətlər üçün mənfəətin azalmasına səbəb olur. Eyni zamanda, ölkədə yerli istehsalın stimullaşdırılması istiqamətində təşəbbüslər həyata keçirilir. Dövlət tərəfindən damazlıq heyvanların gətirilməsi təşviq olunur və hər doğulan bala üçün subsidiya verilir. Bundan əlavə, çəkilən xərclərin 40 faizi dövlət tərəfindən qarşılanır. Biznes qurumları da yerli istehsalın inkişafına dəstək verən addımlar atırlar".

Ekspert deyib ki, supermarketlər şəbəkəsindən biri fermer təsərrüfatları ilə birbaşa əməkdaşlığa başlayıb.

"Məsələn, "Araz Supermarketlər" şəbəkəsinin yeni başladığı iş təqdirəlayiqdir. Yəni, özləri birbaşa gedirlər fermer təsərrüfatlarına, heyvanları seçirlər, onları özləri aparırlar öz kəsim məntəqələrinə. Yəni, heyvandarlıqla məşğul olan adamları artıq əzablardan, artıq xərclərdən xilas edirlər. Aparırlar kəsim məntəqəsinə, baytar nəzarəti altında kəsirlər və Nazirlər Kabinetinin 94 saylı qərarında göstərildiyi kimi ətlər fasovka olunur, üzərinə buraxılma tarixi, son yararlılıq müddəti yazılır. Və mənim həmişə Azad İstehlakçılar Birliyinin sədri kimi həmişə arzuladığım məsələ həyata keçirilir. Yəni Azərbaycanda ətlər illər boyu görmüşük ki, iki növdə satılır: sümüklü və sümüksüz ət. "Araz Supermarketlər" şəbəkəsinin yeni bu təşəbbüsündə malın ayrı-ayrı hissələri ayrı-ayrı qiymətlərə qoyulur, satılır. Qeyd etdiyim kimi, bükülür, fasovka olunur, üzərində bütün qida məhsullarına aid olan rekvizitlər yazılır və s.. Bu çox yaxşı haldır. Bu fermer təsərrüfatlarının dirçəlməsinə gətirib çıxarır və fermerləri əlavə əzablardan xilas edir. Yəni onlar yerindəcə heyvanlarını satırlar, daha başqa bürokratik işlərlə məşğul olmurlar. Və bu işdə üçüncü subyekt, yəni alverçi subyekt ortadan çıxır, hansı ki, alverçilər qiyməti 15-20% qaldırırdı. Düşünürəm ki, "Araz" marketlər şəbəkəsinin bu təşəbbüsü başqa marketlər zəncirinə də tətbiq olunmalıdır ki, vəziyyət fermerlər üçün daha da əlverişli vəziyyət yaransın".

Ümumilikdə, azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı istiqamətində görülən işlərin yaxın illərdə ölkənin özünü ətlə təmin etməsinə imkan yaradacağı gözlənilir. Effektiv kənd təsərrüfatı siyasəti həyata keçirilərsə, idxaldan asılılıq daha da azalacaq. Hazırda idxalın azalması əhalinin tələbatının düşməsi ilə deyil, əsasən sadalanan iqtisadi və logistika amilləri ilə bağlıdır. Əksinə, əhalinin ətə tələbatı sabit qalır və müəyyən artım müşahidə olunur", - deyə o fikrini yekunlaşdırıb.

Həmçinin oxu: Nənələr haqlı imiş — 35 qəpiklik möcüzə Səhər oyanan kimi telefona baxanlara pis xəbər Santexniklərin sirri kimi saxladığı çarə — Hamamdakı üfunət qoxusunu anında kəsir

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova