Abşeron rayonunda 1998-ci il təvəllüdlü Babaxan küçədə qızla gəzən əvvəllər tanımadığı Sübhanı (adlar şərtidir – red.) bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayon Gənclər şəhərciyi ərazisində yerləşən 54 saylı yaşayış binasının arxasında, “Şans” marketin qarşısında baş verib.Babaxan marketin qarşısından keçən Sübhanın əlini qeyri-rəsmi nigahda yaşadığı Lalənin çiyninə qoyaraq və öpüşmələrini görüb. O, onların cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməsinə irad bildirib, Sübhanla bu zəmində mübahisə edib. Mübahisə zamanı Babaxan üstündə gəzdirdiyi bıçaqla qəsdən Sübhanın qarın nahiyəsindən bir dəfə vurub.
Babaxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Babaxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildə Cəlilabad Rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilinərək məhkum olunub.
O qeyd edib ki, bundan sonra məhkəmə tərfmdən barəsində seçilmiş həbs qəimkan tədbiri ev tustaqlığı qətimkan tədbiri ilə əvəz edib və həbsdən azad edilib. Onun sözlərinə görə, məlum hadisə günü, gecə saat 1 radələrində tanışı Qasım və onun qonşusu, adını xatırlamadığı tanışı ilə Gənclər şəhərciyi 54 saylı yaşayış binasının arxasında “Şans” marketin yanandakı park hissəsində oturacaqda oturaraq söhbət ediblər: “Həmin vaxtı kənardan bizə tərəf bir oğlanla qadının qucaqlaşaraq piyada yolu ilə gəldiklərini gördüm. Onların hərəkətləri diqqətimi cəlb etdi. Həmin oğlanın sonradan adını Sübhan kimi bildiyim şəxsin yanındakı qızla olan bir-biri ilə öpüşərək, bir birlərinə yaxınlaşmaq kimi hərəkətləri məni hidətləndirdi. Ətrafda yaşayış binalarından qadınlar, azyaşlı uşaqlar, qızlar onların bu kimi hərəkətlərini görə bilərdi. Bu da bizim əxlaq normalarımıza uyğun hərəkətlər deyildi. Bu şəbədən Sübhana yaxınlaşaraq etdiyi hərəkətlərə görə irad bildirdim, “Analarımız, bacılarımız sizə baxır” deyə bildirdim. Sübhan isə üzərimə hücum çəkdi, yumruqla başımdan vurdum. Sübhanın vurduğu zərbədən isə yerə yıxıldım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Sübhanın yanında olan qadın onu sakitləşdirmək üçün kənara çəkib: “Mənim yanımda olan Qasım və digər qonşu oğlan da məni kənara çəkmək istədi. Sübhan mənim üzərimə yenidən gəlmək istədiyini gördüm. Mən də özüm ilə gəzdirdiyim və cibimdə saxladığım bıçaqla Sübhanın üzərinə getdim, bir dəfə qarın nahiyəsindən zərbə ilə vurdum. Mən vurduğum zərbədən sonra səsə əmim oğlu Xəlil hadisə yerinə gəldi. Əmim oğlu da Qasımın və qonşunun köməkliyi ilə məni hadisə yerindən uzaqlaşdırdılar. Bundan sonra eşitdim ki, Sübhan vurduğu bıçaq xəsarətdən xəstəxanaya düşüb, cərrahi əməliyyat olunub. Bundan sonra polisin məni axtardığını bildim, gündüz saatlarında yaşadığım evdən çıxaraq Bakı şəhərində gəzməyə başladım. Mən evə yalnız gecə saatlarında gəldim. Səhər yenidən çıxaraq Bakı şəhərinə getdim. Növbəti gün evdə olan vaxtı polis əməkdaşları yaşadığım ünvana gəldilər, məni apardılar”.
Zərərçəkmiş Sübhanın sözlərinə görə, Lalə ilə qeyri-rəsmi ər-arvad münasibətləri var, birlikdə yaşayırlar: “Hadisə günü, gecə saat 1 radələrində Lalə ilə birlikdə evimizə qonaq gəlmiş şəxsi yola salmaq məqsədi ilə həyətə düşdük. Qonağı yola salaraq əlimi Lalənin çiyninə qoyaraq marketin qarşısından keçdikdə, yolun kənarında oturacaqda üç cavan oğlan oturmuşdu. Həmin vaxtı Lalənin sinəsindən tutduğum üçün Babaxan mənə yaxınlaşdı və “sən kimsən ki, əlini qızın çiyninə qoyub gedirsən, bizim anamız bacımız var” – deyə bildirdi. Bu zəmində mənimlə mübahisə yaratdı. Babaxana bildirdim ki, bu qadın mənim arvadımdır. Aramızda yaranmış mübahisə zamanı ona bir şillə vurduğum üçün əlbəyaxa olduq. Həmin vaxtı Babaxanın əlində bıçaq gördüm. O, həmin bıçaqla qarın nahiyəmdən zərbə ilə bir dəfə vurdu. Həmin vaxtı sinəmdən qanın axdığını görən Babaxanın dostları onu kənara çəkərək apardılar. Bundan sonra Lalənin köməkliyi ilə xəstəxanaya aparıldım, orada əməliyyat olundum”. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babaxan 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını və cəzasının şərti hesab olunmasını istəyib.
Şikayəti araşdıran Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri sonda qərar veriblər. Qərara görə, məhkumun şikayəti təmin olunmayıb.Bu qərardan məhkumun müdafiəçisi tərəfindən kasasiya şikayəti verilsə də, Ali Məhkəmənin qərarı ilə həmin şikayət qəbul edilməyib.
Fariz Məlikli Demokrat.az


