McDermitt Caldera ərazisində aparılan geoloji araşdırmalar nəticəsində böyük həcmdə litium ehtiyatının mövcudluğu müəyyən edilib. ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən bu qədim vulkanik strukturun altında 20–40 milyon metrik ton aralığında litium resursu olduğu ehtimal edilir. Bu göstərici təsdiqlənərsə, yataq miqyas baxımından Cənubi Amerikadakı ən iri ehtiyatları da geridə qoya bilər.
Demokrat.az-ın məlumatına görə sözügedən ehtiyatın potensial bazar dəyəri 1,5 trilyon dollar civarında qiymətləndirilə bilər. Litium hazırda elektrikli nəqliyyat vasitələrinin batareyaları, mobil qurğular və enerji saxlama sistemləri üçün əsas xammal sayılır və strateji resurs kimi qiymətləndirilir.
Geoloqların qənaətinə görə, yatağın formalaşması təxminən 16 milyon il əvvəl baş vermiş güclü vulkan püskürməsi ilə bağlıdır. Maqmatik proseslər nəticəsində ayrılan litium elementləri sonradan göl çöküntülərində toplanaraq bu günə qədər qorunub saxlanılıb. Bununla belə, ehtiyatların dəqiq həcmi və iqtisadi cəhətdən hasilata yararlılığı əlavə tədqiqatlardan sonra tam müəyyənləşəcək.
İsmayıl Demokrat.az


