Ötən gün Bakıda baş verən torpaq sürüşməsi narahatlıq yaradıb. Belə fəlakətlər həm təbii amillər, məsələn, güclü yağıntılar və relyef xüsusiyyətləri, həm də insan fəaliyyəti, tikinti və torpaqdan səmərəsiz istifadə ilə əlaqələndirilir.
Ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində, son sürüşmələr daxil olmaqla, heç bir sürüşmənin yağıntılarla əlaqəsi yoxdur:
"Bakı və Abşeron yarımadasına yağıntılar çox yağmır. Burada baş verən bütün sürüşmələrin əsas səbəbi insan fəaliyyətidir. Məsələn, Bayıl yamacı vaxtilə çox yüklənmişdi. Orada üç məşhur hündür binanın da çökmə riski müzakirə olunub və Bayıl yamacında hər zaman torpaqda titrəlmə müşahidə olunur. Eyni zamanda, Badamdar qəsəbəsində məskunlaşma düzgün aparılmayıb. Ümumiyyətlə, Bakı şəhərində məskunlaşmanın düzgün olmaması və digər insan amilləri sürüşmələrə səbəb olur".
Ekoloq bildirib ki, sürüşmələr yağıntı ilə bağlı olmasa da, su ilə əlaqədar problemlər var.
"Qaçaq kanalizasiya sistemləri və kanalizasiyanın tam oturdulmaması da sürüşməni təşviq edir. Tikilən binalar isə Bakının geoloji vəziyyəti, geoloji xəritəsi və durumu araşdırılmadan inşa olunub. Nəticədə, bir neçə ildən bir sürüşmələrin şahidi oluruq. Xüsusilə suvarmanın düzgün aparılmaması və kanalizasiya sistemlərinin uyğunsuzluğu buna səbəb olur. Bayıl yamacında isə sürüşmə yalnız həddindən artıq yüklənmə baş verəndə olur. Bu mənada sürüşmələrin hər biri insan amili ilə bağlıdır. Görüləcək tədbirlərdən biri inşaat prosesinə ciddi nəzarət etməkdir. Əgər Bakının memarlıq sistemi geoloji və ekoloji amillərlə əlaqələndirilməyibsə və mütəxəssislərlə birlikdə qurulmayıbsa, təəssüf ki, bu cür hadisələrə yenidən şahid olacağıq", - o qeyd edib.
Qeyd edək ki, Bakıda torpaq sürüşmələrinin əsas səbəbi insan fəaliyyətidir və gələcək fəlakətlərin qarşısını almaq üçün inşaat və şəhərsalma proseslərinə ciddi nəzarət zəruridir.
Əfsanə Kamal Demokrat.az


