Göygöl rayonunda 1999-cu il təvəllüdlü Vüsalə qeyri-rəsmi münasibətdə olduğu Akifə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun kəndlərindən birində baş verib. Vüsalə yaşadığı evin qarşısında əvvəllər qeyri-rəsmi nikah münasibətində olduğu Akif ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı yerdən götürdüyü daş parçalarını Akifə tərəf atıb. Həmin daş parçaları Akifin əlinə dəyib və nəticədə o, xəsarət alıb.
Vüsalənin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Vüsalə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü Akif onun yaşadığı evin qapısına gəlib: “Məni döyərək yerə yıxdı və boğmağa başladı. Akif məni boğan zaman özümü müdafiə etmək üçün əlimə keçən tam dəqiq xatırlamadığım bir şey götürdüm və onu vurdum. Belə bir hal birinci dəfə baş verməyib, əvvəllər dəfələrlə belə hadisələr baş verib. Akif dəfələrlə mənimlə yolda rastlaşan zaman əxlaqsız və nalayiq ifadələr işlədib. O, taksi fəaliyyəti ilə məşğuldur və hər dəfə gün ərzində yaşadığım küçədən avtomobil ilə keçir, bu isə təsadüf deyil. Mənim uşağım da, hətta qonşularının uşaqları da Akifin avtomobilini küçədə görərkən, qorxu hissləri keçirib və onun uşaq oğrusu olmağını düşünüblər. Bizim aramızda olan hadisə axşam saatlarında baş verib. Mən uşağımı məktəbdən gətirdim. Uşağın arxasınca gedən zaman Akifin idarə etdiyi avtomobili arxama verdi. Mən isə qırağa çəkildim. Bundan sonra o, nalayiq ifadələr işlətməyə başladı. Qırağa çəkilsəm də, Akif idarə etdiyi avtomobili üstümə sürdü. Bundan sonra məcbur qalaraq həmin yerdə olan qaz durbalarını aşdım ki, mənə maşınla xəsarət yetirməsin. Sonra uşağı götürmək üçün məktəbə getdim. Məktəbə çatan zaman uşağının məktəbdə olmamasını müəyyən etdim. Mənə uşağımın və digər uşaqların qonşum tərəfindən götürülməsi bildirildi. Həmçinin məktəbdə olan zaman Mənə Akifin idarə etdiyi avtomobili ilə məktəbin yanından keçməsini bildirdilər. Bu səbəbdən Akifin uşağımı oğurlamasını düşündüm, qaça-qaça evə tərəf getdim. Evə gedən zaman Akif idarə etdiyi avtomobillə arxamca düşdü və avtomobili üzərimə sürdü. Mən yerdən daş götürən zaman Akif idarə etdiyi avtomobildən düşərək, mənə qarşı əxlaqsız sözlər işlətməyə başladı. Əlimə aldığım daşı ona atarkən, o, avtomobilə oturaraq getdi”.
Vüsalənin ifadəsinə görə, təxminən yarım saat sonra Akif yenidən qayıdıb, onu vurub və yerə yıxaraq boğmağa başlayıb: “Dəfələrlə olub ki, Akif məni ölümlə hədələyib. Hadisə baş verən zaman Akif məni ağacla vurub. Çünki ayağımda ağac izi var idi və əlimə keçən tam dəqiq xatırlamadığım bir şey götürərək ona zərbə yetirdim. Mübahisə zamanı səs-küyə qonşular gəldi. Həmin vaxt Akif ş qışqıraraq “səni öldürəcəm” sözlərini işlədib. Bu səs-küyə qonşular yığışdı. Bundan sonra Akif idarə etdiyi avtomobilə hadisə yerindən getdi”.
Təqsirləndirilən şəxs deyib ki, Akifin ucbatından uşağı stresslər yaşayır və onun nəticəsində 1 ildir ki, uşağını müalicə etdirir. Əlavə olaraq bildirib ki, Akiflə ailə kimi 2-3 il bir yerdə yaşayıblar, onların birgə övladları yoxdur və artıq 2 ildir ki ayrılıblar: “Mənim özümün 1 qızım var. Akif bizim qapımıza gəlməsinin səbəbi məni və ya digər ailə üzvlərimi təhqir etmək olub. O, “sənin nəslindən olan kişilər içində elə sözlər deyəcəm ki, onlar məni vursun və sonra onları içəri saldıracam” sözlərini işlədib. Hadisə baş verən günü Akif səbəbsiz yerə yaşadığım yerə gəlib və mənə təhqiredici sözlər işlədib”.
Zərərçəkmiş Akifin sözlərinə görə, hadisə baş verən günü işdən gələn zaman böyük avtomobilini Göygöl rayonunun kəndində yerləşən evinin qarşısında saxlayıb və 3 il saxladığı uşağı görmək üçün digər kəndə, Vüsalənin yaşadığı evin yanına gedib: “Öz avtomobilim ilə Vüsalənin yaşadığı evin yanına gəldim. Həmin vaxt Vüsalə avtomobilimə daş atdı. Mən isə daşı niyə atdığını soruşdum. Bu zaman Vüsalə əlinə yaba götürdü və qarnıma soxmaq istəyərkən, yabanı tutdum, qarnıma soxmasına qoymadım. Vüsalə həmin yaba ilə başımdan vurmaq istədiyi vaxt başımı əlim ilə müdafiə etdim və yaba əlimə dəyərkən barmağım qırıldı. Barmağım qırılandan sonra nalayiq ifadələr işlətdim”.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə Vüsalə 1 il 6 ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilib.
Təqsirləndirilən şəxsə yaşayış yerini cəzaçəkmə müddəti ərzində hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonu və Daşkəsən rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulub. Ona elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək vəzifələri tapşırılıb.
Həmçinin oxu: Vaxtsız ölümlərin səbəbi COVİD peyvəndləri imiş — Alimlər təsdiqlədi Səhvən 20 külçə qızılı zibilliyə atdı 'Əgər evli olmasaydım, yumurtalıqlarımı dondurardım' — FOTOLAR
Fariz Məlikli Demokrat.az


