Şou-biznes

"Oğlanlar evlənməyə tərbiyəli qız tapa bilmirlər"

Oğlanlar evlənməyə tərbiyəli qız tapa bilmirlər

Müğənni və prodüser Mədinə Məlik "Öz aramızda" proqramındakı çıxışı ilə gündəmə gəlib. Sənətçi ailə mövzusunda danışarkən cəmiyyətdəki mövcud vəziyyətdən narazılığını gizlətməyib. O, müasir dövrdə gənclərin ciddi seçim qarşısında qaldığını iddia edib.

Demokrat.az milli.az-a istinadla xəbər verir ki, Mədinə Məlik indiki vaxtda oğlanların həyat yoldaşı seçərkən çətinlik çəkdiyini qeyd edərək "İndi oğlanlara ailə qurmaq üçün uyğun, tərbiyəli qız tapmaq çətinləşib" ifadəsini işlədib. Sənətçinin bu kəskin yanaşması studiyada birmənalı qarşılanmayıb. Digər qonaqlar və proqram iştirakçıları onunla razılaşmayaraq fərqli arqumentlər irəli sürüblər. Bu isə efirdə gərgin polemikanın yaranması ilə nəticələnib.

Müzakirələr zamanı ifaçı həmçinin ailə qurmağı yalnız maddi maraqlar üzərində quran xanımları da sərt tənqid edib. O, varlı ailəyə gəlin getməyi özünə əsas hədəf seçənlərin yanaşmasını qəbul etmədiyini bildirib. Verilişdən yayılan həmin görüntülər qısa müddətdə sosial şəbəkə platformalarında geniş marağa səbəb olub. İnternet istifadəçilərinin fikirləri isə iki yerə bölünüb. Bəzi insanlar sənətçinin reallığı əks etdirdiyini düşünsə də, bir çoxu onun bütün qızlar haqqında ümumiləşdirmə aparmasını yanlış hesab edir. Hazırda bu mövzu ətrafında debatlar davam etməkdədir.

Demokrat.az

NE
Nihadə Eyyubova