İki il ərzində kirayə qaldığı evi səliqəli və təmiz vəziyyətdə təhvil verən vətəndaş ev sahibi ilə problem yaşadığını bildirir. Onun sözlərinə görə, bu müddət ərzində kirayə haqqı gecikdirilməyib, kommunal xərclər tam ödənilib, ev isə çıxış zamanı peşəkar şəkildə təmizlətdirilib. Buna baxmayaraq, ev sahibi təhvil zamanı adi yaşayış nəticəsində yaranan xırda aşınmaları əsas gətirərək narazılıq edib və dərhal usta çağırılmasını tələb edib. Vətəndaş bildirir ki, evdə qırıq, ciddi zədə və ya baxımsızlıq olmayıb. Buna baxmayaraq, qarşı tərəfin həddindən artıq tələbkar davranışı kirayəçi ilə ev sahibi arasında gərginliyə səbəb olub. Hadisə kirayə bazarında kirayəçilərin hüquqlarının nə dərəcədə qorunduğu sualını yenidən gündəmə gətirib.
Bu barədə hüquqşünas Şamil Paşayev Demokrat.az-a açıqlama verib. O deyib ki, Azərbaycanda bu sahədə ciddi etik və əxlaqi problemlər mövcuddur:
“Ev sahibləri evlərini kirayə verərkən çox zaman belə düşünürlər ki, kirayəçi ilə aralarındakı münasibət tabeçilik münasibətidir. Səbəb kimi isə mülkiyyətin onlara məxsus olmasını əsas gətirirlər. Əslində isə, əgər bir şəxs evi və ya hər hansı bir obyekti icarəyə götürübsə, burada söhbət bərabər hüquqlu münasibətdən gedir. Kiminsə mülkiyyətinin olması onun icarəyə verdiyi şəxsdən üstün olması demək deyil. Hazırda kirayə bazarında əsas problemlərdən biri də ondan ibarətdir ki, ev sahibləri evi kirayə verməzdən əvvəl depozit alırlar və kirayəçi evdən çıxdıqdan sonra həmin depoziti qaytarmamaq üçün absurd iddialar irəli sürürlər. Əgər ev sahibinin iddiası varsa ki, evə zərər dəyib, bunu sübut etməlidir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət oluna bilər və zərərin olub-olmaması ekspertiza vasitəsilə müəyyən edilə bilər”.
Hüquqşünas bildirib ki, xırda məişət məsələlərinin zərər kimi təqdim olunması və bu əsasla depozitin qaytarılmaması yolverilməzdir:
“Təəssüf ki, Azərbaycanda yanlış qəbul olunmuş qaydalardan biri də budur ki, məsələn, evdə kondisioner, soyuducu və ya digər məişət əşyası xarab olduqda, bunun məsuliyyəti avtomatik olaraq kirayəçinin üzərinə qoyulur. Bu yanaşma doğru deyil. Ev sahibi əgər evi işlək vəziyyətdə təhvil veribsə və həmin əşyalar kirayəçinin günahı ucbatından xarab olmayıbsa, onların təmir və ya dəyişdirilməsi xərclərini kirayəçidən tələb edə bilməz və etməməlidir. 10-20 il işləyən kondisionerin və ya 5 il istifadə olunmuş soyuducunun sıradan çıxması tamamilə təbii haldır. Eyni zamanda, qısaqapanma nəticəsində yaranan elektrik problemlərinin səbəbi də əksər hallarda kirayəçi olmur. Bu kimi hallarda vətəndaş aidiyyəti qurumlara müraciət edə və ev sahibinin bu cür davranışlarından şikayət edə bilər. Digər tərəfdən, kirayəçilər də bu məsələlərdə məsuliyyətli və əxlaqlı davranmalı, ev sahibinin əmlakına zərər verməməyə çalışmalıdırlar. Bu münasibətlər qarşılıqlı hörmət və anlaşma üzərində qurulmalıdır”.
Leyla Turan Demokrat.az


