Bakıda söküntü işlərinin coğrafiyası genişlənir. Bu dəfə Yasamal rayonunun ən sıx nöqtələrindən birində, Məhəmməd Xiyabani küçəsində irimiqyaslı layihəyə start verilib. Sakinlərə artıq rəsmi bildirişlər paylanılıb və evlərin üzərində xüsusi söküntü nömrələri qeyd edilib. Bu proses sadəcə binaların yenilənməsi deyil, şəhərin nəqliyyat xəritəsini dəyişəcək böyük bir infrastruktur layihəsinin tərkib hissəsidir. Məlum olub ki, söküntülərin əsas səbəbi ərazidə yeni tunelin inşasıdır. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, paytaxtda nəqliyyatın təkmilləşdirilməsi üçün nəzərdə tutulan 25 strateji layihədən biri məhz Məhəmməd Xiyabani küçəsindən Kənar Dairəvi yola çıxacaq tunelin tikintisidir. Bu yeni yol qovşağı illərdir davam edən "20 Yanvar" dairəsi və "Şamaxinka" istiqamətindəki tıxac problemini kökündən həll etməyi hədəfləyir.
Demokrat.az milli.az-a istinadən xəbər verir ki, kompensasiya məsələləri isə hələ də müzakirə mövzusudur. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, qanunvericiliklə bu rayon üçün hər kvadratmetrə görə 2700 manat ödəniş nəzərdə tutulsa da, fərqli ssenarilər də mümkündür.
"Hər bir layihə üzrə müvafiq icra qurumunun satınalma aparmaq hüququ var və qalib gələn şirkət həmin ərazi üzrə kompensasiya məbləğini müəyyən edə bilər. Bu variant daha uyğun hesab olunur. Əgər sözügedən ərazidə söküntüdən sonra yaşayış binaları tikilməyəcək, yalnız magistral yol genişləndiriləcəksə, bu halda vətəndaşlara kompensasiya ödənilir ki, onlar digər ərazilərdə mənzil əldə edə bilsinlər. Nəzərə almaq lazımdır ki, həmin ərazilərdə daşınmaz əmlakın qiymətləri daha yüksəkdir. Belə hallarda daha geniş yaşayış sahəsinə görə kompensasiya alan vətəndaşlar mərkəzdən daha uzaq ərazilərdən mənzil almağa məcbur olurlar", - deyə Vüqar Oruc bildirib.
Ekspertin fikrincə, dövlət ehtiyacları üçün sökülən ərazilərdə qiymətləndirmə aparılarkən ətrafdakı yeni binaların bazar dəyəri əsas götürülməlidir. O, həmçinin xəbərdarlıq edir ki, infrastrukturun yenilənməsi, yeni parkların salınması və yolların genişlənməsi yaxınlıqdakı torpaq və mənzil bazarında qiymət artımını qaçılmaz edəcək.
Sədr qeyd edib ki, bu kimi problemlərin həlli məqsədilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti təklif edib ki, həmin ərazilərdə yerləşən yeni tikililərin bir kvadratmetr üzrə bazar dəyəri kompensasiya məbləği kimi müəyyən edilsin. Təbii ki, bu yanaşma yalnız müvafiq icra qurumlarının qərarı ilə mümkün ola bilər.
"Söküntülərin aparılacağı ərazilərin ətrafında yeni tikililərin bahalaşacağı gözlənilir. Köhnə binaların sökülməsi ərazinin bazar dəyərinin və ümumi əhəmiyyətinin artmasına səbəb olur. Söküntü aparılan ərazilərdə əsas artım torpaq sahələrinin qiymətlərində müşahidə olunur. Belə ki, həmin ərazilərdə infrastruktur işləri aparıldıqda, parklar salındıqda və yollar genişləndirildikdə torpaq sahələri azalır. Bu səbəbdən qiymətlər daha sürətlə yüksəlir".
Yeni tunel və yol genişləndirilməsi layihəsinin icrasından sonra ərazinin simasının tamamilə dəyişəcəyi gözlənilir. Lakin sakinlər üçün əsas məsələ hələ də ödəniləcək məbləğin yeni ev almaq üçün kifayət edib-etməyəcəyidir.
Demokrat.az


