Naxçıvan Muxtar Respublikasında fevral ayı üzrə pensiya ödənişləri tam başa çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu artıq vəsaitlərin vətəndaşların hesablarına köçürülməsini təmin edib. Bu ayın ödənişləri həm də pensiyaçıların gəlirlərindəki artımlarla yadda qalıb.
Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyevin bu ilin 9 fevral tarixində imzaladığı pensiyaların indeksləşdirilməsi haqqında sərəncamına uyğun olaraq, yanvarın 1-nə qədər təyin olunmuş bütün növ pensiyalarda 9,3 faizlik artım tətbiq edilib. Fevral ayında pensiya alan sakinlər vəsaitlərini məhz bu yeni artımla birlikdə götürüblər.
Bundan əlavə, yanvar ayı üçün nəzərdə tutulan artım fərqi də unudulmayıb və həmin məbləğ fevralın pensiyasına əlavə olunaraq ödənilib. Beləliklə, muxtar respublika üzrə pensiyaçıların bank kartlarına həm artımlı fevral pensiyası, həm də yanvar ayından yaranan fərq tam şəkildə oturdulub. Hazırda vətəndaşlar vəsaitlərini bankomatlardan maneəsiz şəkildə əldə edə bilərlər.
Demokrat.az


