Kriminal Özəl

Ərinə cavab qaytardığı üçün döyüldü — Atamı söymüşdü...

Ərinə cavab qaytardığı üçün döyüldü — Atamı söymüşdü...

Quba rayonunda 31 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 19-da rayonun kəndlərindən birində baş verib.1995-ci il təvəllüdlü Aqil həmin gün saat 18 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranənin (adlar şərtidir – red.) baş nahiyyəsindən əl və yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sentyabrın 19-da, saat 18 radələrində yaşadıqları evdə olarkən arvadı Nuranə ilə aralarında mübahisə yaranıb: “Həmin vaxt Nuranə mənə cavab qaytardığı üçün əsəbləşdim. Onun saçlarından tutaraq dartışdırdım və yumruqla baş, bədən nahiyyələrinə vurdum”.

İfadəsinin sonunda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını qeyd edib. Bu səbəbdən o, məsuliyyətindən azad olunmasını istəyib.

Zərərçəkmiş Nuranənin sözlərinə görə, hadisə günü əri Aqil evə gələrək atası barədə xoşagəlməz sözlər işlədib: “Bu mənə pis təsir etdiyi üçün atamı müdafiə etdim, ona cavab qaytardım. Bu zaman Aqil saçlarımdan tutaraq baş nahiyyəmdən yumruq zərbələri endirdi. Mən onun əlindən qaçaraq otağa girdim”.

Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edib, əri ilə barışdığını, onun barəsində şikayət və tələbinin olmadığını bildirib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. O, iş üzrə icraata xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova