İqtisadiyyat Özəl

Ermənistandan ölkəmizə kartof idxal olacaq? – AÇIQLAMA

Ermənistandan ölkəmizə kartof idxal olacaq? – AÇIQLAMA

Ermənistanın hakim partiyasının üzvü Babken Tunyanın açıqlamasına görə, yaxın bir-iki ay ərzində Ermənistan Azərbaycana mal ixracına başlaya bilər. Bu açıqlama regionda iqtisadi əlaqələrin mümkün bərpası və ticarət münasibətlərində yeni mərhələnin başlanması kimi qiymətləndirilir.

Bu barədə iqtisadçı ekspert Razi Abasbəyli Demokrat.az-a bildirib ki, Ermənistanın ixracat mallarına diqqət yetirdikdə görürük ki, burada əsas payı kənd təsərrüfatı məhsulları tutur:

“Azərbaycan isə ilin müxtəlif fəsillərində xarici ölkələrdən kənd təsərrüfatı məhsulları idxal edir. Xüsusilə də qonşu İran və Rusiyadan qış aylarında kartof idxalı həyata keçirilir. Ermənistanın ixracatında da kartof əsas yer tutur. Bununla yanaşı, Ermənistanın digər kənd təsərrüfatı məhsulları da mövcuddur ki, onların ixracatda kifayət qədər böyük payı var. Azərbaycan bazarında bu məhsullara tələbat yaranacağı təqdirdə, onların idxalı da mümkün ola bilər. Eyni zamanda konservləşdirilmiş məhsullar, ət məhsulları və spirtli içkilər də bu kateqoriyaya daxildir. Xüsusilə Ermənistanın məşhur konyakları və digər spirtli içki növləri mövcuddur ki, onlar dünya bazarına ixrac olunur və nəzəri baxımdan Azərbaycan üçün də real görünür. Lakin böyük ehtimalla ilkin mərhələdə bu məhsulları markalaşmış erməni brendləri şəklində Azərbaycanın pərakəndə satış şəbəkələrində görməyəcəyik. Yəni konservləşdirilmiş məhsulların və ya spirtli içkilərin “erməni məhsulu” adı altında daxili bazarda açıq şəkildə satılması ehtimalı azdır. Həmin məhsullar ikinci və ya üçüncü tərəflərin iştirakı ilə yarımfabrikat formasında Azərbaycana gətirilə, burada qablaşdırıldıqdan sonra satışa çıxarıla bilər. Çünki bu məsələ kifayət qədər həssasdır”.

O deyib ki, Azərbaycan vətəndaşlarının erməni məhsullarına münasibəti necə olacaq və ümumiyyətlə, bu məhsulların alıcısı olacaqmı sual altındadır: “Böyük ehtimalla, məhsullar birbaşa Ermənistanda qablaşdırılaraq Azərbaycana gətirilsə, onların satışı mümkün olmayacaq. Vətəndaşlar ən azından bu məhsulları almaqdan imtina edəcəklər. Bunun psixoloji və tarixi səbəbləri var. Məhz buna görə də ilkin mərhələdə həmin məhsulların mənbə ölkə kimi Ermənistanın göstərilməsi gözlənilmir. Təbii ki, Azərbaycan cəmiyyətinin bu məsələyə münasibəti birmənalı deyil. 30 ildən artıq davam etmiş münaqişə, işğal olunmuş torpaqlar, dağıdılmış ərazilər, şəhidlərimiz və qazilərimiz var. Bu yaraların və travmaların qısa müddətdə sağalması mümkün deyil və cəmiyyət bunu normal qarşılamaya bilər. Ticarət münasibətlərinin genişlənməsi uzunmüddətli perspektivdə Azərbaycan üçün də faydalı ola bilər. Ermənistanın Türkiyə ilə sərhədləri hələ açılmadığı üçün, Azərbaycan üzərindən Türkiyəyə, digər ölkələrə və ya Xəzər dənizi vasitəsilə beynəlxalq ticarətə qoşulması mümkündür. Bu, həm Ermənistan üçün, həm də Azərbaycan üçün əlavə gəlir və iqtisadi qazanc deməkdir. Daxili bazarda real tələbat yarandığı halda idxal və ixrac prosesi qaçılmaz olacaq və bu da iqtisadi baxımdan mütləq şəkildə mənfi hal kimi qiymətləndirilə bilməz”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova