Fevralın 14-ü yaxınlaşdıqca paytaxtın iaşə obyektlərində qiymət siyasəti kəskin şəkildə dəyişməyə başlayıb. Adi günlərdə adambaşına 50-60 manat civarında xərc tələb edən standart menyular bayram ərəfəsində 150-200 manata qədər bahalaşıb. Xüsusilə şəhərin mərkəzi hissələrində yerləşən məkanlarda bu rəqəmlər daha da yüksək qeyd olunur. Restoran rəhbərliyi bu addımı bayram günlərində yaranan həddindən artıq tələbat və yerlərin məhdudluğu ilə əlaqələndirir. Müştərilər masaları öncədən sifariş etsələr belə, təklif olunan qiymət artımı bir çoxlarını seçim qarşısında qoyur. Bu vəziyyət sahibkarlar üçün böyük gəlir fürsəti yaratsa da, vətəndaşların büdcəsinə ciddi maliyyə yükü kimi qayıdır.
Məsələ ilə bağlı iqtisadçı İlqar HüseynliDemokrat.az-a bildirib ki, məsələ ilə bağlı qanunvericilikdə konkret hüquqi tənzimləmə yoxdur:
"Özəl sektor idarəetməni öz qaydaları əsasında qurur və depozit tələbi də bu mexanizmlərdən biridir. Dünyanın bir çox ölkəsində, xüsusilə otellərdə və ev kirayəsində rezervasiyadan əvvəl depozit tətbiq olunur".
O deyib ki, lakin restoranlarda depozit tələbi otel və kirayə mexanizmi ilə eyniləşdirilə bilməz:
"Restoran öncədən yer rezervasiya edə bilər, amma müştərinin son anda gələ bilməməsi də mümkündür. Bu halda depozitin tutulması hər zaman uyğun şərtlərə söykənmir".
İqtisadçı hesab edir ki, əsas məsələ şəffaflığın qorunmasıdır. Restoranlar müştəriyə menyunu və qiymətləri öncədən təqdim etməli, ödəniş isə yalnız faktiki sifariş olunan təamlar üzərindən aparılmalıdır. Sahibkarların depozit vasitəsilə boş qalan masalardan dəyən zərəri sığortalamağa çalışması anlaşılan olsa da, bu proses müştəri məmnuniyyəti ilə balanslaşdırılmalıdır. Hazırkı vəziyyətdə bu cür qiymət artımları birbaşa obyekt sahibinin qərarından asılıdır və buna kənardan müdaxilə etmək mexanizmi yoxdur.
"Qiymətlər aydın göstərilməli, müştəri nə qədər ödəyəcəyini əvvəlcədən bilməlidir. Restoran sahibləri isə depozitlə boş qalan yerlərdən yaranan zərərin qarşısını almağa çalışırlar".
"Nəticədə bu məsələ tam qanunsuz sayılmasa da, birbaşa restoran sahibinin qərarına bağlıdır və hazırda buna müdaxilə imkanı yoxdur", - deyə o qeyd edib.
Mövcud mənzərə göstərir ki, fevralın 14-ü restoranlar üçün sadəcə təqvim bayramı deyil, həm də iqtisadi dividend yığmaq dövrüdür. Süni şəkildə formalaşan qiymət artımı və məcburi menyu tələbləri müştəri hüquqları ilə biznes maraqları arasındakı balansı pozsa da, tənzimləyici mexanizmin yoxluğu bütün rəqəmləri sahibkarın insafına buraxır. Görünən odur ki, sevgisini paytaxt restoranlarında qeyd etmək istəyənlər hələ bir müddət də "bayram inflyasiyası" ilə barışmalı olacaqlar, çünki tələb təklifi üstələdiyi müddətcə bu tendensiya dəyişməz qalacaq.
Əfsanə Kamal Demokrat.az


