Kriminal Özəl

Ailəli dərzi qadına sataşdı — Məhkəmə belə cəzalandırdı

Ailəli dərzi qadına sataşdı — Məhkəmə belə cəzalandırdı

Bakının Xəzər rayonunda 41 yaşlı kişi münasibət qurmaq istədiyi qadına qarşı şiddət göstərib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 2-də rayonun Buzovna qəsəbəsində baş verib.Bərdə rayon sakini, 1985-ci il təvəllüdlü Fəxri həmin gün saat 14:30-da qəsəbədə dərzi otağında dərzi işləyən, əvvəllər də dəfələrlə yaxın şəxsi münasibət qurmaq istədiyi Zəminənin (adlar şərtidir – red.) yanına gəlib.

Fəxri küçədə dərzi otağının yaxınlığında bir neçə kişi cinsli şəxsin dayandığını və onlardan birinin həmişə orada olduğunu görüb, həmin dərzi otağına daxil olaraq orada Zəminənin ünvanına təhqiramiz ifadələr işlədib. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Fəxrinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Fəxri ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, Zəminə onun yaşadığı evin yaxınlığında olan dərzi yerində dərzi işləyib, aralarında daima yaxşı münasibətlər olub: “İyulun 2-də, günorta saatlarında Zəminənin iş yerinin qarşısında həmişə gələn tanımadığım şəxslərdən birini gördüm. Dözə bilmədim, Zəminənin iş yerinin qapısını açaraq içəri daxil oldum. Bu zaman Zəminə məni nalayiq ifadələrlə təhqir etdi. Mən də əsəb problemləri olduğu və qısqandığım üçün onun sol qoluna yumruqla bir iki dəfə zərbə endirdim. Hadisə anidən olduğundan və həmin vaxt əsəbi olduğum üçün necə vurduğumu xatırlamıram. Etdiyim əməlimdən peşman olmuşam. Zəminədən və yaxınlarından üzr istəmişəm”.

Zəminənin sözlərinə görə, təxminən 6 ildir həmin dərzi yerini icarə əsasında işlədir: “2 il bundan əvvəl dərzi dükanına müştəri qismində gələn Fəxri adlı şəxsi tanımışam. Ona yazığım gəldiyindən hörmətlə yanaşmışam, arada içməyə çay belə vermişəm. Sonradan o, məni narahat etməyə başladı. Bu səbəbdən ərimə dedim. Bundan sonra Fəxri məni daha narahat etməyəcəyinə söz verdi. Lakin o, vədinə əməl etmədi və heç bir yaxınlığı olmadığı halda məni narahat etməyə davam etdi. Yoldaşım da onu çağıraraq bu həkətlərinə son qoymağını tələb etdi. O, da yoldaşımdan üzr istədi və bu hərəkətlərinə son qoyacağına söz verdi. Lakin, qısa müddət sonra öz hərəkətlərinə yenidən davam etdi. Bu hadisə dəfələrlə təkrar olundu”.

Zərərçəkmiş qeyd edib ki, iyulun 2-də yoldaşı dərziyə su gətirmək üçün onun yanından gedib: “Bu zaman Fəxri iş yerimə gələrək yenidən müştəri qismində gələn avtomobilləri bəhanə gətirdi, məni nalayiq ifadələrlə söyməyə başladı. Mobil telefonumu götürərək yoldaşıma zəng vurdum, Fəxrinin yenidən mağazaya gələrək məni təhqir etməsini bildirmək istədim. Bu zaman Fəxri qapını açaraq içəri daxil oldu, məni yenidən nalayiq ifadələrlə təhqir edərək yumruqla sol qoluma bir neçə dəfə zərbə endirdi. Zərbənin təsirindən yerə yıxıldım və yerdə olan zaman məni təpiklə vurdu. Bu zaman mən ətrafa əl atdım və əlimə yerdə olan süpürgə keçdi. Süpürgə ilə onun üz nahiyəsinə bir neçə dəfə vuraraq qonşu dükanda gül satan Kənan adlı şəxsi köməyə çağırdım. Kənan dərhal yanıma gəldi. Bu zaman Fəxri məni buraxaraq getdi. Təxminən 2-3 dəqiqə sonra yoldaşım yanıma gəldi və yoldaşıma Fəxrinin məni döydüyünü bildirdim. Bundan sonra yoldaşım Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdi”.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Fəxri 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddəti ərzində yaşadığı evi hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub.

Bundan əlavə ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.

Fariz Məlikli Demorkat.az

NE
Nihadə Eyyubova