Cəmiyyət Özəl

"İdrak"dakı hadisənin pərdəarxası

İdrakdakı hadisənin pərdəarxası

"İdrak" liseyində bu səhər baş verənlər hər kəsi sarsıtdı, amma bəlkə də daha çox düşündürdü. 10-cu sinif şagirdinin qadın müəlliminə silah çəkməsi artıq "yeniyetmə şıltaqlığı" və ya "məktəbli davası" limitlərini çoxdan keçib. Hadisənin baş vermə anı qədər, bir uşağın bu nifrəti içində necə böyütməsi və o silahın necə əlinə keçməsi daha çox suallar doğurur. Əslində bu hadisə bir gündə yaranmayıb. Son vaxtlar yeniyetmələr arasında aqressiyanın artması, sosial şəbəkələrdəki "qəhrəmanlıq" obrazları və ətrafdakı laqeydlik sanki bizi bu nöqtəyə hazırlayırdı. Psixoloqların fikrincə, burada ən böyük yük yenə də ailənin üzərinə düşür. Çünki uşaq evdə tapa bilmədiyi diqqəti və ya həll edə bilmədiyi problemi çox vaxt bu cür radikal yollarla büruzə verir.

Məsələ ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a açıqlamasında bildirib ki, hadisələrin bir də pərdəarxası olur və ora baxdıqda mənzərə daha dəhşətli görünür:

"Burada məsuliyyət təkcə valideynlə məhdudlaşmır, məktəbin rəhbərliyi, pedaqoji heyəti və bütün personalı birbaşa məsuliyyət daşıyır. Çünki belə məktəblərə valideynlər ödəniş edir, bəzən bu ödənişləri qarşılamaq üçün günlərlə çalışırlar. Ödəniş gecikəndə valideynlər üçün ciddi problemlər yaranır. Bu halda sual ortaya çıxır, yüksək ödənişli bir məktəbdə belə hadisə necə baş verə bilir".

İdrakdakı hadisənin pərdəarxası

O bildirib ki, valideyn, mütəxəssis, sinif yoldaşları və məktəb mühiti daxil olmaqla hərtərəfli məsuliyyətsizlik görünür:

"Bu məsuliyyətsizliyin nəticəsi isə belə dəhşətli faciədir. İlk növbədə valideyn məsuliyyəti ön plana çıxır. Söhbət 10-cu sinif şagirdindən gedir və bu yaşda uşağa nəzarət valideynin birbaşa borcudur. Uşağın məktəbə silah gətirməsi təsadüfi deyil. Silahın alınması üçün pul, tapılması üçün əlaqə, gizlədilməsi üçün isə müəyyən plan lazımdır. Bütün bunlar valideynin diqqətindən yayınırsa, burada ciddi valideyn məsuliyyətsizliyindən danışmaq olar".

Psixoloq deyib ki, ikinci əsas məsələ məktəbin pedaqoji heyəti və psixoloji xidmətidir:

"Özəl məktəbdə çalışan psixoloqlar və pedaqoqlar şagirdlərin psixoloji vəziyyətini mütəmadi qiymətləndirməlidirlər. Bu hadisə ani baş verən cinayət deyil. Silahla məktəbə gəlmək düşünülmüş və uzun müddətə hazırlanan prosesdir. Belə halları üzə çıxarmaq üçün xüsusi psixoloji testlər və metodikalar mövcuddur. Deməli, ya bu qiymətləndirmə aparılmayıb, ya da düzgün aparılmayıb. Düzgün metodikanın tətbiq olunmaması, uşaqların psixoloji durumunun vaxtında yoxlanılmaması, pedaqoji nəzarətin zəifliyi və valideyn məsuliyyətsizliyi bu nəticəyə gətirib çıxarıb", - deyə psixoloq fikrini yekunlaşdırıb.

Görünən odur ki, təkcə məktəb divarlarını, çantaları yoxlamaqla iş bitmir. Otağına qapanan, susan və ya əksinə, hər kəslə münaqişə edən yeniyetmənin içində nələrin baş verdiyini vaxtında görmək lazımdır. Bu dəfə hədəfdə müəllim idi, sabah kimin olacağı isə cəmiyyətin bu siqnala necə reaksiya verəcəyindən asılıdır.

Qeyd edək ki, odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur. O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Ş.Kamilova həmin il universitetə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova