Kriminal Özəl

"Uşaqlarını mən böyütmüşəm" dedi, dava düşdü — Hər ay maaşından pul tutulacaq

Uşaqlarını mən böyütmüşəm dedi, dava düşdü — Hər ay maaşından pul tutulacaq

Masallı rayonunda 50 yaşlı kişi dostuna xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 10-da Masallı şəhəri, Qarabağ küçəsində yerləşən avtomobil yolundan kənarda ətrafı açıq torpaq sahəsində baş verib.1976-cı il təvəllüdlü Mahir həmin gün saat 23 radələrində həmkəndlisi Zamiqə (adlar şərtidir – red.) spirtli içki qəbul etdiyi üçün irad bildirib. Bu səbəbdən Zamiq onu nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı aralarında mübahisə baş verib. Bu zaman Mahir Zamiqin bədəninin üz nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Mahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zamiq ilə əvvəllər dostluq münasibəti olub: “Avqustun 10-da, saat 23 radələrində Masallı şəhəri, Qarabağ küçəsində piyada hərəkətdə olarkən Zamiqi yolun kənarında dayanmasını gördüm. Onun hərəkətlərindən və üzərindən gələn qoxuya görə spirtli içkinin təsiri altında olduğunu bildim. Zamiqlə görüşdükdən sonra məndən 35 manat verdiyi borc pulu geri istədi. Mən Zamiqə həmin pulu verdiyimi dedim və içkili olduğu üçün bunu xatırlamadığını bildirdi. Zamiq mənə yaxınlıqda olan heç kimin olmadığı yerə çəkilməyi, söhbətimizi orada davam etdirməyi təklif etdi. Mən Zamiqlə razılaşaraq yoldan təxminən 30 metr kənarda yaşayış evlərinin hasarının yanına getdik. Orada Zamiqə mütəmadi olaraq spirtli içki qəbul etməsi ilə bağlı iradımı bildirdim. O, əsəbiləşərək məni nalayiq ifadələrlə söydü. Daha sonra isə mənə övladlarımı onun böyütdüyünü dedi. Həmin vaxt onunla aramızda mübahisə yarandı. Mübahisə zamanı Zamiq yenə məni nalayiq ifadələrlə təhqir etməyə davam etdiyi üçün əsəbiləşərək onun üz nahiyəsinə iki yumruq zərbəsi vurdum. Zərbənin təsirindən o, yerə yıxıldı. Sonra oraya tanışım Əli gələrək bizi ayırdı. Mən də oradan ayrılaraq yaşadığım evə getdim”.

Masallı Rayon Məhkəməsinin hökmü ilə Mahir aylıq qazancından 10 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 9 ay müddətə islah işləri cəzasına məhkum olunub.

Fariz Məlikli Demorkat.az

NE
Nihadə Eyyubova