İqtisadiyyat

Alkoqol istehsalçıları üçün yeni dövr: Bu qaydalara əməl etməyənlərin fəaliyyəti dayandırıla bilər

Alkoqol istehsalçıları üçün yeni dövr: Bu qaydalara əməl etməyənlərin fəaliyyəti dayandırıla bilər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) alkoqollu içkilərin istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib.

Demokrat.az xəbər verir ki, görüş zamanı sözügedən sahədə qanunvericiliyə edilmiş son dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verilib. Xüsusilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə edilən dəyişikliklər çərçivəsində arağın illik minimum istehsal həcmi ilə bağlı tələblər diqqətə çatdırılıb.

Bildirilib ki, müəyyən edilmiş minimum istehsal həcminə riayət edilməməsi vergi ödəyicisinin qeydiyyatının ləğvi üçün əsas hesab olunur. Bu baxımdan, fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun şəkildə davam etdirilməsi məqsədilə real istehsal həcmlərinə uyğun dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim olunmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, qanunvericiliyə əsasən, alkoqollu içki olan araq üzrə minimum istehsal həcmi 2024–2025-ci illər üçün 20 min dekalitr, 2026–2027-ci illər üçün isə 30 min dekalitr olaraq müəyyən edilib. Bu göstəricinin 2032-ci ilədək mərhələli şəkildə artırılaraq 100 min dekalitrə çatdırılması nəzərdə tutulur.

Görüş zamanı aksizli malların, o cümlədən alkoqollu içkilərin (pərakəndə satış istisna olmaqla) nağd qaydada və qanunvericilikdə nəzərdə tutulmuş sənədlər olmadan alqı-satqısının həyata keçirilməsinin yolverilməz olduğu vurğulanıb. Həmçinin aksiz markası ilə markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış məhsulların istehsalı və satışının qanun pozuntusu olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, bu istiqamətdə vergi nəzarəti tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Görüş çərçivəsində vergi ödəyicilərinin ünvanladığı suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

NE
Nihadə Eyyubova