Gündəm Özəl

Ukraynada həlak olan azərbaycanlılar şəhiddir, yoxsa..? — İlahiyyatçıdan AÇIQLAMA

Ukraynada həlak olan azərbaycanlılar şəhiddir, yoxsa..? — İlahiyyatçıdan AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi başlayan gündən həmin yerlərdə yaşayan onlarla azərbaycanlı həyatını itirib. Onlardan bəziləri Azərbaycana gətirilib, bəziləri ilə elə həmin torpaqlarda dəfn edilib. Sonuncu dəfə həyatını itirən həmvətənlərimizdən biri Naxçıvanda şəhid adı altında dəfn edilib. Hətta onun məzar daşında "şəhid" sözü qeyd olunub.Paylaşılan görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bəs İslam dininə görə öz torpaqları uğrunda həyatını itirməyənlər şəhid sayılırmı?

İlahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, İslamda “şəhid” anlayışı sadəcə ölümlə bağlı emosional bir titul deyil:

"Şəhidlik aqidə, niyyət və döyüşün mahiyyəti ilə ölçülür. Rusiya Ukrayna müharibəsi konkret olaraq siyasi, imperial və geosiyasi maraqlar üzərində qurulmuş müharibədir. Bu müharibə nə İslam torpağının müdafiəsidir, nə dinin qorunmasıdır, nə də məzlum müsəlmanların nicatı məqsədi daşıyır. Bu fakt dəyişməzdir. Bu müharibədə ölən bir azərbaycanlı, istər Naxçıvandan olsun, istər Bakından, istərsə də başqa bir bölgədən, fiqhi baxımdan şəhid sayılmır".

İlahiyyahtçı deyib ki, məzar daşına “şəhid” yazılması isə dini hökm yox, daha çox emosional, milli və ya inzibati addımdır:

"Qəbir daşındakı söz Allah qatındakı hökmü dəyişmir. Bu cür yanaşma cəmiyyətdə anlayış qarışıqlığı yaradır. Sabah başqa müharibədə, başqa ölkənin maraqları uğrunda ölən hər kəsə də şəhid demək məcburiyyəti ortaya çıxar ki, bu artıq anlayışın tam deformasiyasıdır.Eyni zamanda bir məsələni də dürüst demək lazımdır. Şəhid sayılmamaq o insanın avtomatik olaraq cəhənnəmlik olması demək deyil. Onun imanı, əməlləri, niyyəti, məcburiyyət dərəcəsi Allahın hökmünə aiddir. Biz insanı deyil, anlayışı müzakirə edirik".

O deyib ki, başqa dövlətin siyasi maraqları uğrunda aparılan müharibədə ölən şəxsə İslam hüququ baxımından şəhid hökmü verilmir.

"Bu, nə sevgisizlikdir, nə hörmətsizlikdir, nə də mərhəmətsizlik. Bu, sadəcə elmi və dini dürüstlükdür. Şəhidlik ucuzlaşdırılanda, əsl şəhidlərin haqqı tapdalanır. Bu da artıq başqa bir ədalətsizlikdir"- deyə ilahiyyatçı bildirib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova