Qax rayon sakini Seyfəddin Əhmədov taksi xidməti göstərdiyi “VAZ-21015” markalı avomobillə Zaqatala rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və maneəyə çırpılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
S.Əhmədov və müştəri qismində daşıdığı sərnişini xəstəxanaya çatdırılsa da, sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının və şahidlərin bildirdiyinə əsasən hadisəyə səbəb xəstəlikdən əziyyət çəkən S.Əhmədovun səhhətinin qəflətən pisləşməsi ehtimal edilir.
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar bu qəbildən olan hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyəçağırır:
“Belə hallarla mübarizədə yaxın ətrafın rolu olduqca əhəmiyyətlidir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar”.


