Quba rayonunda 36 yaşlı oğlan ailə münaqişəsi zəminində 15 yaşlı oğluna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 10-da rayonun kəndlərindən birində baş verib. 1990-cı il təvəllüdlü Rafiq həmin gün, saat 17 radələrində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı oğlu Vüsalın (adlar şərti verilib – red.) başından əlində olan boşqabla qəsdən vurub.
Hadisəni törədən Rafiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Rafiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2011-ci ildə Əfruzla nigaha girmməklə ailə qurub: “Evlilik dövrümüzdə bizim dəfələrlə mübahisələrimiz olub. Buna səbəb isə spirli içki qəbul etməyimə Əfruzun qarşı çıxmağı olub. Buna görə də o, məndən 2024-cü ildə boşanıb. 2025-ci ilin avqustun 10-da, təxminən saat 17 radələrində uşaqları görmək üçün onun evinə getdim. Əfruz mənə kobud şəkildə uşaqları göstərmək istəmədiyini bildirdi və aramızda mübahisə yarandı. Həmin vaxt 2011-ci il təvəllüdlü oğlum Vüsal anasının tərəfini saxladığı üçün ona əsəbləşdim. Masanın üzərində olan yastı boşqabı götürərək onun başına vurdum. Bundan sonra oranı tərk etdim”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rafiq 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs üzərinə Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməsi, yaşayış yerini cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməsi qadağan olunub.
Onun üzərinə bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


