Abşeron rayonunda ata və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib. Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Vüsal anası Mədinə ilə işdən evə gedən zaman atası Zəmanət onların qarşısını kəsib.
Zəmanət arvadı ilə münasibətini düzəldərək evinə qayıtmasını bildirib. Amma qadın kişinin bu istəyi ilə razı olmadığını, barışmaq istəmədiyini deyib. Buna görə də onların arasında mübahisə yaranıb.
Valideynlərinin mübahisəsinə müdaxilə edən Vüsal atasının hərəkətlərinə əsəbləşib. Ana və oğulun hərəkətlərini görən kişi onlara qarşı səsini qaldırıb.
Bundan hiddətlənən Vüsal atasına şillə və təpiklə zərbələr vurub, onun burun nahiyyəsinin qançır şişkinliyi, digər xəsarətlər yetirib.
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


