“Azərbaycan Prezidenti yerli televiziya kanallarına verdiyi müsahibəsində həm qlobal, həm də ölkədaxili məsələlərə xüsusi diqqət yetirdi. Dövlət başçısının fikirləri göstərdi ki, hazırda dünya qeyri-müəyyənlik mərhələsindədir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O deyib ki, bir tərəfdən beynəlxalq hüququn işləməməsi, digər tərəfdən ticarət müharibələri və geosiyasi gərginliklər qlobal iqtisadi artım tempinə mənfi təsir göstərir:
“Bu kontekstdə Azərbaycan üçün əsas prioritetlərdən biri iqtisadi artım tempini qoruyub saxlamaq və qlobal dəyişikliklərin təsirini minimallaşdırmaqdır. Prezidentin qeyd etdiyi kimi, 2026-cı ildə qlobal risklərin daha da artacağı proqnozlaşdırılır. Bu səbəbdən ölkənin dayanıqlı və inklüziv inkişaf strategiyası xüsusi əhəmiyyət kəsb edir”.
O bildirib ki, Azərbaycanın valyuta ehtiyatları 84 milyard dolları keçib:
“Bu vəsait ölkə üçün bir növ “təhlükəsizlik yastığı”dır və xarici iqtisadi şoklara qarşı güclü müdafiə vasitəsidir. Nəticə etibarilə, Prezidentin çıxışı göstərdi ki, Azərbaycan 2026-cı ildə də iqtisadi sabitliyi qorumaq, islahatları dərinləşdirmək və qlobal qeyri-müəyyənlik fonunda milli maraqları müdafiə etmək istiqamətində ardıcıl və düşünülmüş siyasətini davam etdirəcək”.
Leyla Turan Demokrat.az


